ABŞ Prezidenti Co Bayden ATACMS taktiki ballistik silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib. Bu barədə “Nyu York Tayms” məlumat yayıb. Qeyd edilir ki, bu qərar Vaşinqtonda hakimiyyətin dəyişməsindən cəmi iki ay əvvəl qəbul edilib və ABŞ siyasətində ciddi dəyişiklik olub. ABŞ liderinin müşavirləri arasında bu addımla bağlı fikir ayrılıqları olub. Məlumata görə, raketlər ehtimal ki, Rusiya və Şimali Koreya hərbçilərinə qarşı, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində müdafiəsini təmin etmək üçün istifadə olunacaq.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Donald Trampın prezident seçilməsindən sonra Co Baydenin belə addımlat atması gözlənilən idi:
“Çünki Trampın prezident seçilməsi Baydenə bir qədər siyasətində dəyişiklik yaratmağa imkan yaradır. Bu mənada Bayden maksimum şəkildə çalışacaq ki, bundan sonra məhz 2 ay ərzində öz siyasətiylə Donald Trampın gələcək siyasətinə kölgə salsın. Yəni Amerika Birləşmiş Ştatlarında 2 ay ərzində çox radikal qərarların alınması gözlənilir. Bu istiqamətdə hazırda atılan addımların şahidi oluruq. Xüsusilə də Co Bayden tərəfindən Trampın Rusiya ilə yaxınlaşma siyasətini baltalamaq üçün addımlar atılacaq. Ümumiyyətlə Co Baydenin Ukraynaya taktiki ballistik silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verməsi Vaşinqton və Moskva arasında gərginliyə səbəb olacaq. Hətta Fransa və Almaniyanın da öz ballistik silahlarını Rusiya ərazisinə endirmək üçün Ukraynaya icazə verməsi ilə bağlı məlumatlar var. Bu savaşın taleyinə müəyyən qədər təsir edə bilər. Amma Trampın komandasında açıqlama verilib ki, Donald hakimiyyətə gəldikdən sonra bu məsələ öz yoluna girəcək və həmin silahların tətbiqi qadağan olunacaq. Ümumiyyətlə 4 ildən bir Amerika Birləşmiş Ştatlarında noyabrda keçirilən prezident seçkilərində hakimiyyətə yeni qüvvə gəlirsə, bundan sonrakı 2 ay ərzində dünya nizamında çaxnaşma baş verir”.