Sürix kantonu və “SBB/CFF” dəmir yolu şirkəti 2025-ci ilin yazında sürücüsüz ictimai nəqliyyatı sınaqdan keçirəcək.
Sherg.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sürix kantonu və “SBB/CFF” dəmir yolu şirkəti avtomatlaşdırılmış ictimai nəqliyyatı sınaqdan keçirəcək. 2025-ci ilin yazından etibarən Sürix yaxınlığındakı Furttal bölgəsinin əsas dəmir yolu qovşaqlarına pilotsuz servis maşınlarından istifadə etməklə çatmaq mümkün olacaq.
“SBB” şirkəti və Sürix kantonu əmindir ki, avtomatlaşdırılmış xidmətlər regionun sakinləri üçün mühüm əlavə xidmətlərin mənbəyi ola bilər. Onlar iqtisadi və çevik işləməklə, xüsusilə kənd və şəhərətrafı ərazilərdə nəqliyyat xidmətlərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq potensialına malikdirlər.
Furttal kənd rayonu pilot rayon kimi seçilib. Əhali strukturu və Sürixdən Badenə gedən əsas dəmir yolu xətti ilə əlaqəli mövcud ictimai nəqliyyat şəbəkəsinə görə o, bu layihə üçün idealdır (bu iki şəhər 19-cu əsrdə ölkədə dəmir yolu ilə birləşdirilən ilk yaşayış məntəqələri idi).
Test mərhələsinin başlaması 2025-ci ilin yazına planlaşdırılır. Servis avtomobilləri adi yol hərəkətində iştirak edəcək, lakin sükan arxasında adam olmadan. Maşınlar xüsusi proqram təminatı vasitəsilə idarə olunacaq.