- “Qarabağa qayıdış proseduru ictimaiyyətə aydın olmalıdır”
- “Qayıdış prosesinin qaydalarını bilmədən kiməsə qiymət vermək çətindir”
Milli Məclisdə Ağdama köçürülmə və keçmiş məcburi köçkünlərin mənzillə təmin olunması məsələsi müzakirələrə səbəb olub. Deputat Aqil Abbasın Ağdamda ona və ailə üzvlərinə ev verilməməsi ilə bağlı şikayəti spiker Sahibə Qafarovanın etirazı ilə qarşılanıb.
Mövzu ilə bağlı Sherg.az-a münasibət bildirən Müstəqil Jurnalistlərə Hüquqi və Texniki Yardım İctimai Birliyinin sədri, əslən Qarabağdan olan Asəf Quliyev məsələyə aydınlıq gətirməyin vacibliyini vurğulayıb:
"Düzünü deyim ki, millət vəkili Aqil Abbasın bu məsələni qaldırmaqda haqlı olub-olmadığını söyləmək mənim üçün çətindir.
Çünki Qarabağa qayıdış prosesinə qiymət vermək üçün ilk növbədə dövlətin müəyyən etdiyi proseduru bilmək lazımdır. Açığı, bu prosedur barədə heç bir məlumatım yoxdur. Ona görə də Aqil Abbasın dediklərinə hər hansı bir qiymət verə bilmirəm.
Amma bir məqam var: əgər Aqil Abbas bu məsələni parlament səviyyəsində qaldırıbsa, deməli, mövcud prosedur onun özü üçün də tam aydın deyil. Əgər bu proseslə bağlı qəbul edilmiş və təsdiqlənmiş, ictimaiyyətə məlum olan konkret bir prosedur yoxdursa, nəsə demək çətindir".
Müsahibimiz özünün də Ağdama köçmək üçün müraciət etdiyini deyib:
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə iki dəfə müraciət ünvanlamışam. Təəssüf ki, indiyədək heç bir cavab almamışam.
Amma bunu heç vaxt ictimailəşdirməmişəm. Ümid edirəm ki, mənim də Ağdama köçmək və orada yaşamaq imkanım olacaq. Hələlik isə gözləyirəm".