Son bir həftə ərzində 10-dan çox Amerika hərbi nəqliyyat təyyarəsi İsrailin cənubundakı hava bazalarına eniş edib.
Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb .
"Son yük uçuşlarının əksəriyyətini həyata keçirən təyyarələr Texas ştatının El Paso şəhərindəki Biggs Hərbi Hava Qüvvələri bazasından yola düşüb.Təyyarələr ölkənin cənubundakı Nevatim və Ovdadakı İsrail Hərbi Hava Qüvvələrinin bazalarına gedib", - məlumatda qeyd olunur.
Son günlərdə Amerika hərbi yüklərinin Yaxın Şərqdəki digər ölkələrə, o cümlədən İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Küveytdəki ABŞ bazalarına çatdırılması üçün bir sıra digər uçuşlar da həyata keçirilib.
Nəqliyyat təyyarələrinin hansı yük daşıdığı məlum deyil, lakin bunun ABŞ-ın İranla mümkün yeni hərbi əməliyyatlar ərəfəsində bölgədəki hava hücumundan müdafiəni gücləndirmək səyləri ilə əlaqəli olduğu düşünülür.