2023-cü ildə 24 375 Gürcüstan vətəndaşı Avropa ölkələrinə sığınacaq üçün müraciət edib, onlardan 3 680 Gürcüstan vətəndaşının Aİ-yə üzv dövlətlərə girişinə icazə verilməyib.
24News.ge xəbər verir ki, bu barədə "Vizaların dayandırılması mexanizmi" haqqında Avropa Komissiyasının Gürcüstanla bağlı yeddinci hesabatında deyilir.
Bildirilir ki, 2023-cü ildə Aİ-yə üzv dövlətlərdə qeyri-qanuni qalan Gürcüstan vətəndaşlarının sayı 2022-ci illə müqayisədə 12% artıb.
Hesabata görə, 2023-cü ildə Gürcüstanın 3680 vətəndaşının Aİ-yə üzv dövlətlərə girişindən imtina edilib ki, bu da əvvəlki illə müqayisədə 8% azdır.
Hesabatda həmçinin qeyd olunur ki, vizaların liberallaşdırılması standartlarının tam təmin olunmasını davam etdirmək və vizaların dayandırılması mexanizminin mümkün tətbiqindən qaçmaq üçün Gürcüstan Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi üçün təcili tədbirlər görməlidir.
Bildirilir ki, son dövrlərdə Gürcüstanda baş verən hadisələri nəzərə alaraq, bəzi kateqoriyalar üzrə vizaların dayandırılması mexanizminin tətbiqi ilə bağlı müzakirələr aparılır.
Avropa Komissiyası tövsiyələr çərçivəsində konkret məsələləri önə çəkir:
Gürcüstan vətəndaşlarının birləşmə, toplaşma və ifadə azadlığı, şəxsi həyatın toxunulmazlığı, ictimai işlərdə iştirak və ayrı-seçkiliyin qadağan olunması kimi fundamental hüquqlarının qorunmasını və təmin olunmasını təmin etsin.
Fundamental hüquq və azadlıqları məhdudlaşdıra biləcək, ayrı-seçkiliyin qadağan olunması prinsipinə və Avropa və beynəlxalq standartlara zidd olan hər hansı qanunvericiliyi ləğv etsin və geri çəksin. Xüsusilə, "Xarici təsirin şəffaflığı haqqında" qanunu, "Ailə dəyərlərinin və azyaşlıların qorunması haqqında" qanun layihəsini ləğv etsin və İnsan Hüquqları üzrə Milli Strategiya və Fəaliyyət Planına dəyişikliklər edərək LGBT şəxslərin hüquqlarına tam hörmət göstərilməsini təmin etsin.
Xüsusən Aİ üçün qanunsuz miqrasiya və ya təhlükəsizlik riski yaradan ölkələrə münasibətdə, Gürcüstanın viza siyasətini Avropa İttifaqının vizalar tələb olunan üçüncü ölkələr siyahısına uyğunlaşdırsın.
Sığınacaq tələblərinin əsassızlığını və üzv dövlətlərdə qeyri-qanuni qalma problemini həll etmək üçün səylərini gücləndirsin, məsələn, vizasız rejim haqqında məlumatlandırıcı kampaniyalar keçirsin və sərhəd yoxlamalarını sərtləşdirsin.
Aktivlərin bərpası və idarə edilməsi üçün müvafiq ofislər yaratsın, aktivlərin izlənilməsi, dondurulması, idarə olunması, müsadirəsi və ləğv edilməsi üzrə işləri davam etdirsin.
Yeni antikorrupsiya strategiyası və fəaliyyət planı qəbul etsin, onun icrası üçün kifayət qədər resurs ayırsın və yüksək səviyyəli korrupsiya işlərinin araşdırılması, məhkəmə təqibi və hökm çıxarılmasına xüsusi diqqət yetirsin.
Antikorrupsiya Bürosu haqqında qanuna dəyişikliklər edərək Venesiya Komissiyasının əsas tövsiyələrini, xüsusilə də Antikorrupsiya Bürosunun müstəqilliyi, siyasi neytrallığı və funksiyalarına dair tövsiyələrini nəzərə alsın. Şəxsi məlumatların qorunması haqqında qanunu Aİ standartlarına uyğunlaşdırın" , - deyə hesabatda bildirilir.