Almaniya iqtisadiyyatında mənfi tendensiyaya baxmayaraq, 2024-cü ildə ölkədə məşğulluq səviyyəsi 46,1 milyon nəfər təşkil edib. Bu, Almaniyanın 1990-cı ildə birləşməsindən sonra qeydə alınan ən yüksək məşğulluq səviyyəsidir. Builki göstərici ötən illə müqayisədə 72 min nəfər və ya 0,2 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin məlumatında qeyd olunub.
Koronavirusun tüğyan etdiyi 2020-ci il istisna olmaqla ölkədə məşğulluq səviyyəsi 2006-cı ildən etibarən yüksəlişdə olub. Buna baxmayaraq, ölkədə iqtisadi inkişaf sürəti 2022-ci ildən etibarən əhəmiyyətli dərəcədə azalıb.
Məşğulluq səviyyəsinin yüksəlməsinin əsas səbəbi ölkəyə əcnəbi işçi qüvvəsinin gəlməsi və yerli əhalinin əmək bazarında iştirakının artmasıdır. Ölkədə məşğul əhalinin 75,5 faizi xidmət sektorunda çalışır. Bu sektorda 34,8 milyon nəfər işləyir ki, bu da ötən illə müqayisədə 153 min nəfər çoxdur.