Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin üç rayonunda müdafiəni yararaq, taktiki uğurlar əldə edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitunun hesabatında qeyd olunub.
Məlumata görə, Ukrayna ordusu zirehli texnikadan istifadə edərək, Berdinonun cənub və cənub-qərbinə doğru irəliləyib, həmçinin kəndin cənub hissəsinə daxil olub.
“Rusiya mətbuatı yazır ki, bu gün Sucada növbəti hərəkətlənmə qeydə alınıb. Bu da onu göstərir ki, hücum davam edir. Eyni zamanda rus hərbi müxbirləri Maxnovkanın cənub-şərqinə və Kurilovkanın cənub-şərqinə gedən yol boyu rusların bir qədər irəlilədiyini bildiriblər. Lakin bununla bağlı heç bir sübut yoxdur”, - hesabatda qeyd olunub.
İnstitutun analitikləri bildiriblər ki, rusların zirehli kolonu Malaya Loknya istiqamətində uğursuz cəhdlər edib.
Bundan əlavə, hesabatda Ukrayna ordusunun Kursk vilayətində Rusiyanın mexanikləşdirilmiş kolonlarının əksəriyyətini məhv etməsindən şikayət edən rusiyalı hərbi müxbirlərin məlumatlarına istinad edilib:
“Ukrayna qüvvələri Rusiyanın arxadakı bölmələrini mühasirəyə almaq üçün uzaqmənzilli atəşdən və Rusiya PUA-larına qarşı radioelektron mübarizə vasitələrindən istifadə edir. Bu, Kursk vilayətində fəaliyyət göstərən Ukrayna ordusunun əməliyyatları keçirmək üçün daha effektiv taktikalardan istifadə etdiyini təsdiqləyir”.