ABŞ Prezidentinin açıqlamalarında Rusiyanı təhdid məqamları gözə çarpmaqdadır
"Ukraynanı öldürücü silahlar, o cümlədən “Javelin” sistemləri ilə təchiz etməyə başlayan ilk ölkə ABŞ-dir və Amerika bunu Donald Trampın birinci prezidentliyi dövründə edib". Bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, 2014-2016-cı illərdə Krımdan sonra NATO ölkələrinin mövqeyi belə idi ki, Rusiyanı təxribata salmamaq üçün Ukraynaya öldürücü silahların verilməsinə ehtiyac yoxdur: "Amma o silahların, o cümlədən “Javelin”in Ukraynaya verilməsi barədə qərar verən elə Prezident Tramp idi".
NATO Baş katibi Mark Rutte deyib ki, Kiyevin məğlubiyyəti NATO-ya alyansın hazırda hərbi ehtiyaclar üçün ayırdığı əlavə milyardlarla dollara deyil, trilyonlarla dollara başa gələcək: "Ukrayna uduzsa, NATO-ya əlavə milyardlar yox, trilyonlarla dollar lazım olacaq. Bu halda NATO-nun Qərbi mühafizə etməsi indi müzakirə etdiyimiz hər şeydən daha baha başa gələcək". O, atəşkəs barədə daha az danışmağa və Ukraynaya daha çox silah tədarükünə, eləcə də Rusiyanın şərtləri ilə atəşkəsə imkan verməməyə çağırıb.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Donald Trampın Ukrayna ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə Moskvaya qarşı mümkün sanksiyalarla bağlı açıqlamalarını şərh edib. Onun sözlərinə görə, Tramp ilk prezidentliyi dövründə tez-tez sanksiyalara əl atan Amerika prezidenti olub: "Bu metodlar onun xoşuna gəlir. Ən azından birinci prezidentliyi dövründə onlardan xoşu gəlirdi. Beləliklə, biz bütün ritorikanı, bütün bəyanatları çox diqqətlə izləyirik. Bütün nüansları diqqətlə qeyd edirik. Biz dialoqa hazırıq. Prezident Putin bu barədə dəfələrlə danışıb. Bərabərhüquqlu dialoqa, qarşılıqlı hörmətə əsaslanan dialoqa hazırıq. Bu dialoq iki prezident arasında, Trampın birinci prezidentliyi dövründə olub. Siqnalları gözləyirik, hansı ki, hələ daxil olmayıb".
ABŞ Prezidenti Donald Trampın xüsusi tapşırıqlar üzrə səfiri Riçard Qrenell deyib ki, Co Baydenin Ukraynada müharibə başlayandan bəri Rusiya Prezidenti Vladimir Putinlə bir dəfə də olsun danışmaması amerikalıları qəzəbləndirib: "Vladimir Putin və Co Bayden üç il yarımdan çoxdur ki, danışmırlar. Amerika xalqı bunu qəzəblə qarşılayır. İnsanlarla danışmağı bacarmalısan. Danışıqlar bir taktikadır və həqiqətən danışıqlar aparmasanız, problemləri sülh yolu ilə həll edə bilməzsiniz. Ona görə də hesab edirəm ki, amerikalılar yüz milyardlarla dollar xərcləməyimizdən çox məyusdurlar".
Rusiyalı politoloq Sergey Markov deyib ki, Trampın son günlər və ya prezidentliyinin ilk günlərində Kiyevlə bağlı açıqlamaları onun Ukraynada sülhə nail ola bilməyəcəyini deməyə əsas verir. O, Rusiyanı yeni iqtisadi sanksiyalarla hədələyir: "Bu, faydasızdır. Tramp ona bunu tövsiyə edənləri dərhal işdən çıxarmalıdır. Tramp Zelenskinin sülh istədiyinə inandığını bildirib. Bu, doğru deyil. Tramp ona bu yalan məlumatı deyənləri də işdən çıxarmalıdır. Tramp bildirib ki, Rusiya Ukraynadan daha çox əsgər itirib. Bu, doğru deyil. Tramp bu insanları da qovmalıdır: onlar bilərəkdən ona yalan danışırlar. Tramp Szinpindən Putinə təzyiq göstərməsini istəyib. Amma bu, tamamilə qeyri-realdır. Tramp dərin dövlətlə əlaqəsi olan siyasətçiləri əsas vəzifələrə dövlət katibi, milli təhlükəsizlik müşaviri və MKİ direktoru təyin edib. Onlar isə Rusiyaya elə güzəştlər edə bilmirlər ki, Rusiya azadlığı uğrunda silahlı mübarizəni dayandıra bilsin.
Trampın prezident kimi ilk günlərinin ümumi nəticəsi: Tramp Ukraynada sülh yarada bilməz, çünki o, dərin dövlət tərəfindən manipulyasiya edilir. Eynilə birinci prezidentlik müddətində olduğu kimi”.
ReAL Partiyasının sədri Natiq Cəfərli "Sherg.az"a deyib ki, Trampın 24 saata, yaxud bir neçə günə Rusiya-Ukrayna müharibəsini bitirəcəyi ilə bağlı vədləri daha çox bir ritorika, bir niyyət bəyanı idi. Partiya rəhbəri bildirib ki, D.Trampın açıqlamalarında Rusiyanı təhdid məqamları gözə çarpmaqdadır:
"Tramp, sadəcə, təkliflə çıxış etmir, həm də Rusiyanı təhdid edir. Deməli, amerikalıların məşhur "ikili şantaj" strategiyası tətbiq olunmaqdadır. Yəni hər iki tərəfə elə təkliflər olunur ki, razılaşmayan tərəf uduzmuş sayılır, razılaşanlar isə udurlar. Trampın Ukraynaya nə deyəcəyi aydındır. Sadə dillə desək, "yardımları kəsəcəyik, Rusiya ilə anlaşmağımıza mane olma və bu anlaşmanın tərkib hissəsi ol". Çox rahat deyilə biləcək ifadələrdir. Çünki hamıya məlumdur ki, Ukraynanı ayaqda saxlayan ABŞ-nin yardımlarıdır. Əgər ABŞ bu yardımları kəsərsə, Kiyev üçün çox çətin olacaq. Amma Rusiyanın işğalçı dövlət kimi qalib gəlib möhkəmlənməsi də ABŞ-yə sərf etmir. Ona görə də "ikili şantaj"ın digər tərəfi də önəmlidir. ABŞ Rusiyanı sanksiyalarla hədələyir, dondurulmuş vəsaitləri xatırladır və s. Ukraynaya bugünədək görülməmiş hərbi yardım göstərilə, heç bir "qırmızı xətt" gözlənilməyə bilər".
Analitikə görə, ilkin mərhələdə atəşkəsin imzalanması böyük ölçüdə mümkün görünür:
"Amma bu o demək deyil ki, tərəflər arasında sülh olacaq. Bu gün Şimali və Cənubi Koreya arasında sülh yoxdur, Yaponiya-Rusiya arasında sülh sazişi yoxdur. Ukrayna tərəfi əllə tutulacaq zəmanətlər almamış torpaq itkisi ilə barışmayacaq. Təəssüf ki, müəyyən ərazi güzəştlərinə getmək məcburiyyəti yaranacaq. Rusiya bugünkü üstün mövqeyə ona görə gəlib çatdı ki, ABŞ Ukraynaya 6 ay boyunca heç bir yardım etmədi. Hər halda Trampın elə təklifləri ola bilər ki, Rusiya ciddi düşünməyə məcbur qalsın. 5 il öncə heç kim təsəvvür etməzdi ki, Rusiya ərazisində strateji təyyarələri istehsal edən zavod vurulacaq. İndi ABŞ Ukrayna vasitəsilə çox rahat şəkildə həmin zavodu hədəf ala bilir".