“Şərq” qəzeti 30 ilinə, yubiley yaşına çatdı. Dərdli-qəmli, sevincli günlərimiz o qədər oldu ki, saymaqla qurtarmaz. Qəzetin ilk sayından Akif bəylə xəbərlərlə yaşayırıq, onları səhifələrimizə düzmək üçün mücadilə aparırıq. Gecə-gündüzümüzü hiss etmirik.
Bəzən elə olurdu ki, səhərimizi Azərbaycan Nəşriyyatında açırdıq. Və dərhal da sabahkı nömrənin planlarını tuturduq. Bunu qeyd etməkdə məqsədim odur ki, qəzet bu günlərə elə-belə gəlməyib. O vaxtlar yüksək tirajla çap olunurduq. 21 min tirajdan çox... 30-a qədər əl yayımı nöqtələrimiz vardı. Bəzən hər nömrəmizi Akif bəylə əlimizdə qəzetlərlə birlikdə metroya düşüb satış məntəqələrinə paylayırdıq. Nə qədər əziyyətli olsa da, işimizdən də zövq alırdıq. Olurdu ki, metroda saatlarla oxucularımızla söhbət edirdik. Onların fikirlərini öyrənirdik. Bilənlər bilir. “Şərq” ölkənin ən çox oxunan qəzetlərinin başında gəlirdi. “Şərq”çilərin bütün ad günlərini təmtəraqlı, xüsusi hədiyyələrlə qeyd edirdik. Qətiyyən maddi sıxıntımız olmurdu. Oxucularımız bizi belə saxlayırdı, biz də onların dərdlərinin yanındaydıq. Qəzetimizin ağbirçəyi Fazilə xanım (Məmmədova) 180-ə yaxın gəlmiş-getmiş əməkdaşlarımızın siyahısını hazırlamışdı. “Şərq”də bir nəfər də olsun peşəsinə xəyanət edən əməkdaş olmayıb. Onlar redaksiyamıza yaradıcılıq gücü, mənəvi dəyər qatıblar. Qəzetin tarixini yaradan həm də böyük bir kollektiv olur.
Bu gün onların ən müxtəlif yerlərdən səsləri gəlir, işləri-gücləri, ocaqları bərəkətli olsun.
“Şərq” bizim can yoldaşımız, könül sirdaşımız olub. Ən müxtəlif məhkəmə çəkişmələrindən tutmuş, müxtəlif təzyiqlərə sinə gərib. Alnının təri ilə mübarizələrdən üzüağ çıxıb. Hətta “Şərq”in səyyar satışı ilə məşğul olan bir yeniyetmə ailəsinə o qədər pul aparmışdı ki, valideynləri inanmaq üçün redaksiyamıza gəlmişdilər, həqiqətən uşaqlarının qəzet satışından bu qədər pul qazandığını yerindəcə öyrənmək üçün. Biz də bildirmişdik ki, o igid balamız əziyyətlə pul qazanıb, hətta ən çox qəzet satan olduğuna görə “Şərq”in əlavə mükafatını qazanmışdı. Onda ailənin rahat nəfəs aldığını görəndə biz də qürurlanmışdıq. Bu 30 ildə o qədər xoş xatirələr var ki, danışmaqla bitməz.
Təbii ki, bu gün mənzərə başqadır. Qəzetçilik həyatı ilə mücadilə aparır. Bəzən xəbər dəllalları meydan sulayır. Yolunu azanlar, millətə, dövlətə qatqısı olmayanlar indi “mənəm-mənəm” deyir. Jurnalistikanı urvatdan salmaq üçün dizlərini yerə qoyurlar. Jurnalist həmrəyliyi itib. Sözün ucundan tutub ona, buna, şəxsiyyətlərə belə “corab hörən”lərin əlinə imkan düşüb. Uzatmaq olar bu mənzərəni, amma nə fayda. Peşəkarlar bilir xəbər, jurnalistika meydanındakı durumu. Amma yaxşılar da var, qalıb. Ailəsi nə qədər bir tikə çörəklə imtahana çəkilsə də, zəhməti ilə yaşayanlar da iş başındadır. Onlara da salam olsun!
Dostlarımız yubileymizlə bağlı, “Şərq”in duruşu ilə bağlı hər məqamı yazıblar, deyiblər. Sağ olsunlar. Bu haqda əlavə nəsə demək istəmirəm. Əsas odur, “Şərq” yaşayır və tarixə adı qızıl hərflərlə olmasa da, milli, latın hərfləri ilə yazılacaq.
Beləcə, mayamız halallıqla yoğrulduğuna görə 30 yaşımıza gəlib çatdıq. Yubileyimizi qeyd edirik. Ürəklə, sevinclə, qürurla... Yaxın günlərdə möhtəşəm bir xəbərimiz də olacaq. Axı, biz heç də həmişə bəd xəbər vermirik. Yaxşı xəbərlər sorağında bütün “Şərq”çiləri, etibarlı oxucularımızı, bizə hayan olan, ürək-dirək verən bütün dostlarımızı təbrik edirik.
Biz keçmişə baxıb kövrəlirik, bu günə baxıb narahatlığımızı gizlətmirik, amma gələcəyə də qapını bağlamırıq. Qapımız, qapınız həmişə açıq olsun.
Demədi, deməyin. Günəş həmişə Şərqdən doğur!