Avropanın təhlükəsizlik qalası çat verir: Polşa böhranı Putinə üç strateji fürsət açır

Polşada Konstitusiya Məhkəməsinin rəhbərliyində baş verən dəyişikliklərdən sonra başlayan siyasi qarşıdurma ölkədə idarəçilik böhranını dərinləşdirib. Ekspertlər hesab edirlər ki, bu vəziyyət Avropa İttifaqının və NATO-nun fəaliyyətinə, Ukraynaya hərbi dəstəyə, eləcə də Türkiyənin regiondakı strateji mövqeyinə təsir göstərə bilər.

Sherg.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” nəşri yazıb.

Nəşrə danışan Türkiyənin keçmiş Los-Anceles baş konsulu Gülru Gəzər və Kırıkkale Universitetinin müəllimi, dosent Merve Suna Özəl Özcan Polşada baş verənlərin mümkün geosiyasi nəticələrini dəyərləndiriblər.

Polşada idarəçilik böhranı dərinləşir

Gülru Gəzərin sözlərinə görə, Konstitusiya Məhkəməsinin mühasirəyə alınması, sədrin və müavininin vəzifədən uzaqlaşdırılması Donald Tusk hökuməti, müxalifətdəki “Hüquq və Ədalət” Partiyası (PiS) xəttinə yaxın Prezident Karol Navrotski və məhkəmə hakimiyyəti arasında davam edən siyasi-hüquqi qarşıdurmanın ümumi idarəçilik böhranına çevrildiyini göstərir.

Merve Suna Özəl Özcan isə hesab edir ki, Polşada baş verənləri yalnız məhkəmə sədrinin vəzifədən uzaqlaşdırılması kimi qiymətləndirmək düzgün deyil. Onun fikrincə, burada Avropa İttifaqının qanunun aliliyi yanaşması ilə Polşadakı siyasi qüvvələrin konstitusion legitimlik və milli suverenlik anlayışları arasında uzun müddətdir davam edən ziddiyyət dayanır.

Ekspert xatırladıb ki, böhranın kökləri 2015-ci ildə PiS hakimiyyəti dövründə həyata keçirilən mübahisəli hakim təyinatlarına gedib çıxır. 2023-cü ildə Donald Tusk hökumətinin məhkəmə sistemində islahat cəhdləri isə Prezident Karol Navrotskinin müqaviməti ilə üzləşib.

Rusiya üçün üç strateji fürsət

Mütəxəssislər Polşadakı böhranın Rusiyanın maraqlarına xidmət edə biləcək nəticələr doğuracağını istisna etmirlər.

Gülru Gəzər bildirib ki, Polşa Ukraynaya hərbi və humanitar yardımın çatdırılmasında mühüm tranzit ölkədir. Ukraynaya göndərilən hərbi yardımların 80 faizinin Polşa ərazisindən keçdiyini vurğulayan ekspert ölkədə sabitliyin pozulmasının müharibənin gedişinə də təsir edə biləcəyini qeyd edib.

Merve Suna Özəl Özcan isə Rusiyanın bu böhrandan üç istiqamətdə strateji üstünlük əldə edə biləcəyini düşünür:

- Avropa İttifaqının qanunun aliliyi və institusional bütövlüklə bağlı mövqeyinin öz daxilində sual altına düşməsi;

- Polşadakı siyasi gərginliyin Ukraynaya dəstəyin davamlılığını və NATO daxilində koordinasiyanı çətinləşdirməsi;

- Moskvanın bu hadisələrdən Qərbin siyasi və institusional ziddiyyətlərini qabartmaq üçün istifadə etməsi.

Avropada siyasi qütbləşmə güclənir

Gülru Gəzərin fikrincə, Avropada iqtisadi çətinliklər, inflyasiya, enerji böhranı, Ukrayna müharibəsinin yaratdığı xərclər və miqrasiya dalğaları əhalinin mövcud siyasi elitalara narazılığını artırır. Bu vəziyyət sağ və sol populist siyasi qüvvələrin mövqelərini gücləndirir.

Merve Suna Özəl Özcan da Avropada iqtisadi təhlükəsizlik, siyasi təmsilçilik və institusional legitimlik məsələlərinin getdikcə daha çox müzakirə olunduğunu bildirib. Onun qənaətinə görə, Fransa, Almaniya və Polşada baş verən hadisələrin səbəbləri fərqli olsa da, onların ortaq cəhəti Avropanın mövcud siyasi və sosial modelinin ciddi sınaq qarşısında qalmasıdır.

Türkiyə Avropadakı böhranları diqqətlə izləməlidir

Gülru Gəzər bildirib ki, Avropa Türkiyənin əsas ticarət tərəfdaşıdır və Avropa İttifaqının iqtisadi qərarları Ankara üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Avropada ifrat sağ və sol qüvvələrin hakimiyyətə gəlməsi Avropa həmrəyliyində ciddi çatlar yarada bilər.

Ekspert Türkiyənin təhlükəsizlik baxımından NATO-da mühüm rol oynadığını xatırladaraq Avropanın öz təhlükəsizliyini Türkiyəsiz təmin edə bilməyəcəyini anlamalı olduğunu vurğulayıb.

O, həmçinin Avropa İttifaqının Türkiyəyə qarşı demokratiya və insan hüquqları ilə bağlı tənqidi mövqeyinin Polşadakı hüququn aliliyi böhranı fonunda inandırıcılığının zəifləyə biləcəyini qeyd edib.

Gəzərin fikrincə, Türkiyə ilə Avropa İttifaqı arasında müdafiə sənayesi, viza rejiminin liberallaşdırılması, gömrük ittifaqının yenilənməsi və miqrasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi vacibdir.