Tramp öz çıxışında Rusiya liderinə Şauşesku, Səddam və Qəddafi taleyini yaşamamaq üçün şansını qaçırmamağı tövsiyə edir
"Neftin qiyməti aşağı düşərsə, Ukraynada münaqişə bitə bilər". Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsinə nail olmaq lazımdır: “Rusiya və Ukrayna arasında münaqişə dərhal dayandırılmalıdır. Nə qədər ki, neftin qiyməti yüksəkdir, bu münaqişə davam edəcək, biz neftin qiymətini aşağı salacağıq və Rusiya müharibəni dayandıracaq". O qeyd edib ki, bu cür tədbirlər çoxdan həyata keçirilməli idi: “Ukrayna müharibəni dayandırmağa hazırdır, məsələ Rusiyanın ixtiyarındadır. Rusiyadan soruşun ki, müharibə bu il bitəcəkmi?”. Trampın fikrincə, Ukrayna münaqişəsinin nizamlanması tamamilə Moskvadan asılıdır: “Ukrayna razılaşmaya hazırdır”. Ağ Evin yeni rəhbəri əlavə edib ki, Ukrayna müharibəsi onun ilk prezidentliyi dövründə başlamayıb və bu barədə müzakirələr belə olmayıb. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib ki, Prezident Vladimir Putin amerikalı həmkarı Donald Trampla danışmağa hazırdır və Kreml Amerika tərəfdən müvafiq siqnallar gözləyir: "Putin hazırdır, siqnalları gözləyirik, hamı hazırdır. Ona görə də burada qəhvə fincanında fala baxmaq çətindir. Nə isə baş verən kimi, bir şey olarsa, sizə məlumat verəcəyik". “Reuters” agentliyi də məlumat yayıb ki, Tramp rusiyalı həmkarı Vladimir Putinlə dərhal görüşmək istədiyini bildirib. Agentliyin məlumatına görə, Tramp jurnalistlərə onu da bildirib ki, Volodimir Zelenski ona Ukrayna münaqişəsinə son qoymaq üçün razılıq əldə etməyə hazır olduğunu deyib.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a deyib ki, Donald Tramp andiçmə mərasimində dünyanın diqqətini özünə çəkən bir neçə tezislə çıxış edib. Ekspertin sözlərinə görə, Tramp çıxışının əvvəlində XVI əsrdə yaşamış və xristianlıq dinində inqilabi reformalar etmiş Martin Lüterin xəyallarını gerçəkləşdirəcəyini deyib:
"Eyni zamanda Tramp cənub sərhədlərinin möhkəmləndirilməsini, miqrantların evlərinə göndərilməsini və Panama kanalını geri qaytaracağını vəd etdi. Tramp həm də ifadə azadlığını geri qaytaracağını, amerikalıları daha da zənginləşdirəcəyini və nəhayət, savaşları durduracağını söylədi. Andiçmə mərasimində konkret olaraq Ukrayna məsələsinə toxunmasa da, sonrakı çıxışlarında bu mövzuya diqqət çəkdi. Tramp seçki ərəfəsində "24 saata Putini durduracağını" desə də, administrasiyasına müharibəni 100 gün müddətində sonlandırmaq üçün tərdbirlər planının hazırlanması göstərişini verib. Putinin siyasi texnoloqları gecə-gündüz Trampı üzü yola və Rusiyaya loyal prezident kimi təbliğ edirlər. Lakin düşünürəm ki, Putinin qara günləri bundan sonra başlayır".
V.Əfəndiyev vurğulayıb ki, Tramp öz çıxışında Putinə Şauşesku, Səddam və Qəddafi taleyini yaşamamaq üçün şansını qaçırmamağı tövsiyə etdi: "Putin özü bu yaxınlarda müharibədən yorulduğunu söyləmişdi. Ancaq sözçüsü D.Peskov bu bəyanatı şərh etməkdən imtina etdi. Görünür, Peskov da Putinin gələcəkdə hansı addımları atacağını hesablaya bilmir. Lakin görünən odur ki, müharibədən tək Putin deyil, bütün region yorulub. Qonşu və MDB dövlətlərinə, eləcə də Avropa ölkələrinə bu müharibə ciddi çətinliklər və iqtisadi problemlər yaşatmaqdadır. Bütün bu faktorları nəzərə alaraq demək olar ki, bu il müharibənin sona çatması çox realdır. Lakin bu, daha çox dondurulmuş münaqişə olacaq. Gələcəkdə Rusiyada hakimiyyət dəyişikliyindən sonra öz həllini tapacaq".