Səudiyyə Ərəbistanı Ankaradan Məkkə Müdafiə İttifaqı çərçivəsində Türkiyə hərbi qüvvələrinin öz ərazisində yerləşdirilməsini istəyir.
Teleqraf xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrinə istinadla “Türkiyə” qəzeti məlumat yayıb.
“Səudiyyə Ərəbistanı türk hərbçilərinin öz ərazisində yerləşdirilməsini istəyir. Amma bu tələb türk hərbçilərinin husilərə qarşı birgə əməliyyatlarda iştirak edəcəyi anlamına gəlmir. Belə bir şey qətiyyən nəzərdə tutulmur. Türkiyə Böyük Millət Məclisinin (TBMM) razılıq verməsi və türk hərbçilərinin Səudiyyə Ərəbistanına göndərilməsi halında, buradakı hərbi mövcudluğun məqsədi yalnız çəkindirmə olacaq”, - nəşrin həmsöhbətləri bildirib.
Nəşr qeyd edib ki, Türkiyə hərbçiləri husilərə qarşı hərbi əməliyyatlara qoşulmayacaq:
“Hərbçilərin yerləşdiriləcəyi ərazilər də bu yanaşmaya uyğun müəyyənləşdiriləcək. Yəmən sərhədi kimi riskli və toqquşma ehtimalı olan bölgələrdə yerləşdirilmə nəzərdə tutulmur. Türk hərbçilərinin Səudiyyə Ərəbistanındakı mövcudluğu tamamilə müdafiə və çəkindirmə prinsiplərinə əsaslanacaq”.