Avropa İttifaqı və Kanada hərbi əməkdaşlığı genişləndirəcək

Avropa İttifaqı (Aİ) və Kanada təhlükəsizlik sahəsində tərəfdaşlığı gücləndirərək müdafiə əməkdaşlığını Arktikadan Qara dənizə qədər genişləndirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Rapporteur” Monrealda keçiriləcək sammit üçün hazırlanan birgə bəyanat layihəsinə istinadla məlumat yayıb.

Sənəddə deyilir: “Kanada və Avropa İttifaqı ümumi təhlükəsizliyimiz və müdafiəmiz üçün məsuliyyətin artırılması istiqamətində strateji tərəfdaşlardır”.

Qeyd olunur ki, tərəflər təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlığın həyata keçirilməsini sürətləndirəcək, qlobal böhranların həlli, müdafiə sənayesi, dəniz və kosmik təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirəcək.

Sənəddə Kanadanın Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasəti çərçivəsində həyata keçirilən missiya və əməliyyatlarda iştirakını genişləndirməkdə maraqlı olduğu da bildirilir.

İqtisadi əməkdaşlıq, təhlükəsizlik, enerji və informasiya texnologiyalarının inkişafı ilə bağlı məsələlər oktyabrın 29-30-da Monrealda keçiriləcək Aİ-Kanada sammitində müzakirə olunacaq.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa Parlamentindəki illik çıxışı zamanı Aİ-nin Kanadaya ilk assosiativ üzv olmaq imkanını təklif edəcəyini bəyan edib. Aİ Kanadanın yeni status əldə etməsi üçün yerinə yetirməli olduğu bir sıra şərtləri də müəyyənləşdirib.