İsrail İranın dövlət televiziyasının Qəzzadakı müxbirini saxlayıb.
Bu barədə İran Dövlət Televiziya və Radio Yayımları Təşkilatının rəhbəri Peyman Cəbali deyib.
“Əldə etdiyimiz məlumata görə, jurnalist sionist rejim tərəfindən əsir götürülərək nəzarətə alınıb. Ailəsi bu məsələnin geniş işıqlandırılmasını istəmədiyi üçün o, hələ də İsrail rejiminin əsiridir. Ümid edirik ki, o, tezliklə azadlığa çıxacaq”, - o bildirib.
Qeyd edək ki, “Uncapped Reporters” (RSF) təşkilatının illik hesablamalarına görə, 2024-cü ildə dünyada 54 jurnalist işini görərkən və ya təqib edilərkən öldürülüb və onların üçdə biri İsrail ordusunun əməlidir.
Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, jurnalistlər müharibədə azad hərəkət etmə hüququna malik zümrədir. Bunu məhdudlaşdırmaq qanunsuzdur:
"Məhz jurnalistlərin fəaliyyəti kontekstində bütün dünyanın ən kiçik nöqtəsindən tutmuş ən böyük dövlətinə qədər baş verən hadisələr haqqında məlumatlar ötürülür. Bu gün beynəlxalq münasibətlər sistemi kimi beynəlxalq hüquq da ayaqlar altındadır. İstənilən dövlət digərini işğal edərək ərazisini genişləndirə biləcəyindən danışır. Halbuki beynəlxalq hüquq buna imkan verməməlidir. Digər tərəfdən Donald Trampın birinci hakimiyyəti dövründə Suriyanın işğal olunmuş torpaqları İsrail ərazisi kimi tanındı. Hazırda Kanada, Qrenlandiya və Panamanın işğalından dəm vurulur. Məgər bu beynəlxalq hüquqa uyğundur? Deməli, bu sistem işləmir, əsas olan gücdür. Müasir dünyanın acınacaqlı vəziyyəti budur. Yəni təkcə jurnalistlərin deyil, bütün insanlığın hüququ total olaraq tapdanır".
Politoloqun sözlərinə görə, İsrail sözügedən məsələyə önəm vermir:
"Çünki həbs olunan İran jurnalistinin yaşadığı dövlətdə də insanların hüquq nöqteyi-nəzərdən heç bir əhəmiyyəti yoxdur. Xalq küçələrdə rahatlıqla döyülüb-öldürülür, güllələnir. Həmçinin başqa ölkələrin jurnalistləri İran ərazisində həbs olunur və ya edam edilir. Bütün bunları edən dövlət qarşı tərəfdən ədalət və jurnalist haqqı tələb edə bilməz. Rəsmi Tehran öncə özü nümunə olmalıdır. Bütün bunlarla yanaşı, hər bir halda müharibə və münaqişə zamanı jurnalistlərin fəaliyyəti əvəzolunmazdır. Birincisi bu insanlar öz həyatını təhlükəyə ataraq döyüş bölgəsindən birbaşa informasiya verirlər. Üstəlik, ayrıca tanınma nişanları var ki, atəş açan birinin bunu görməməsi mümkün deyil. Odur ki, jurnalistlər bilərəkdən öldürülür və ya əsir götürülür. Çünki cəbhədəki real vəziyyətin ictimaiyyətə təqdim edilməsini istəmirlər. Ümumiyyətlə bu cinayəti ortaya qoyacaq beynəlxalq instansiyaların hamısı çöküb. Hər şey qlobal maliyyə və güc mərkəzlərinin iradələrinə tabe olub".