Buna görədir ki, Zelenski Ukraynanın təhlükəsizliyi məsələsindəki maksimalist məqsədlərini qorumaq üçün Ərdoğandan kömək istəyir
Böyük Britaniya da yaranmış vəziyyətdən yararlanaraq Avropa İttifaqını öz məqsəd və prioritetlərinə tabe etdirməyi hədəfləyir
Münhen Təhlükəsizlik Konfransı göstərdi ki, Avropa Birliyi açıq şəkildə Ukraynada münaqişənin daha da genişlənməsinin tərəfdarıdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov Teleqram kanalında yazıb. Loqvinov bildirib ki, BMT Baş Assambleyasının xüsusi hərbi əməliyyatın başlanmasının 3-cü ildönümü ilə bağlı qətnamə layihəsinin arxasında məhz avropalılar dayanıb. Qeyd edək ki, Avropa ölkələrinin liderlərinin görüşündə müharibənin davam edəcəyi təqdirdə bəzi resursların yenidən bölüşdürülməli olduğu barədə müzakirə aparılıb.
Fransa Prezidenti Emmanuel Makron deyib ki, Ukraynadakı sadə atəşkəs münaqişəni həll etməyəcək. Onun sözlərinə görə, ərazi məsələlərini həll edəcək, təhlükəsizliyə zəmanət verəcək və Ukraynanın uzunmüddətli iqtisadi, sosial və siyasi sabitliyinə şərait yaradacaq hərtərəfli sülh lazımdır: "Yaxın tarix bizə göstərdi ki, təkcə atəşkəs əldə olunanda Rusiya buna əməl etmir. Bundan əlavə, Ukrayna ona aid olan bütün müzakirələrdə iştirak etməlidir. Bu gün ABŞ-nin NATO-dan çıxmaq istədiyini düşünürəmmi? Yox. Onların NATO-dan çıxmasını arzuolunan hesab edirəmmi? Yox. Hesab edirəm ki, NATO bu gün həmişəkindən daha faydalıdır. NATO faydalı alyans olaraq qalır, çünki o, bir sıra Avropa ölkəsinin təhlükəsizliyinin açarıdır. Rusiya avropalılar üçün ekzistensial təhlükə yaradır. Rusiyanın hazırda həyata keçirdiyi ciddi silahlanma ABŞ-nin mövqeyindən asılı olmayaraq, avropalıları reaksiya verməyə sövq etməlidir. Təkcə ordunu deyil, həm də Avropa müdafiəsinin sənaye və texnoloji bazasını gücləndirmək niyyətindəyik". Makron Vladimir Putinin zəng edəcəyi təqdirdə onunla hər an telefonla danışmağa hazır olduğunu bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, Moskva ilə Kiyev arasındakı münaqişənin həlli üçün Rusiya təcavüzündən əziyyət çəkən əsas oyunçuların sülh danışıqlarına daxil edilməsi vacibdir. O vurğulayıb ki, Ukrayna, Avropa - geniş mənada, o cümlədən Avropa Birliyi, Türkiyə və Böyük Britaniya Amerika ilə birlikdə dünyanın bir hissəsinin taleyi ilə bağlı danışıqlara və lazımi təhlükəsizlik təminatlarının hazırlanmasına cəlb edilməlidir.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov "Sherg.az"a deyib ki, Səudiyyə Ərəbistanındakı Rusiya-ABŞ müzakirələri fonunda Avropa İttifaqı Ukrayna ilə bağlı məqamdan yararlanmaq istəyir. Ekspertin sözlərinə görə, burada Böyük Britaniya Avropa İttifaqını öz məqsəd və prioritetlərinə tabe etdirməyi hədəfləyir:
"Böyük Britaniya Baş naziri Keir Starmer təhlükəsizlik zəmanətlərini təmin etmək üçün Böyük Britaniya quru qoşunlarını Ukraynaya yerləşdirməyə hazır olduğunu bildirir. Bu, Londonun Avropa İttifaqının Ukraynaya dəstək mövzusunda konsensus yaratmaq üçün səylərinin bir hissəsidir. Almaniya bu təklifə qarşı çıxmaqla, əslində, Böyük Britaniyanın Ukraynadakı müharibə və döyüş prioritetlərini dəstəkləməsinin gələcək üçün yarada biləcəyi eskalasiya risklərinə etiraz edir. Ümumilikdə Avropa İttifaqının Böyük Britaniyanın ölçülərinə hansı səviyyədə dəstək göstərəcəyi suallar doğurur. Hərçənd ki, artıq 700 milyard dollarlıq yardım paketinin Ukraynaya veriləcəyi informasiyaları mövcuddur. Parisdə Avropa İttifaqının keçirdiyi iclas Səudiyyə Ərəbistanındakı Rusiya-ABŞ danışıqlarına bir gün əvvəldən verilən kəskin reaksiya idi. Bu o deməkdir ki, Avropa qitəsinin nüvə gücləri olan Böyük Britaniya və Fransa ABŞ ilə fikir ayrılıqları fonunda öz səylərini birləşdirməyə çalışırlar. Fransa Prezidenti Emmanuel Makronun fransız qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı yanaşmasını Böyük Britaniya da indi istinad nöqtəsinə gətirir. Bununla belə, Böyük Britaniya ilə Fransanın gələcək təhlükəsizlik yerləşdirilməsindəki funksiyalarının ölçüləri, imkanları vahid pəncərə yarada bilmək potensialından uzaqlaşa bilər".
Analitik qeyd edib ki, Rusiya ilə ABŞ-nin Ukraynasız müzakirələr aparması Avropa İttifaqının sinirlərinə ona görə toxunur ki, o, Vaşinqtonun Rusiyaya güzəşt sahəsi tanıyacağından ehtiyatlanır:
"Rusiya isə bunun müqabilində ABŞ-yə Yaxın Şərqdə jest göstərə bilər, elə Ər-Riyada gedən nümayəndə heyətinin içərisində Donald Trampın Yaxın Şərq üzrə elçisi Stiv Vitkofoun olması da “Ukrayna və Yaxın Şərq” mövzusundakı nüfuz sektorlarının bölünəcəyi fikirlərini gücləndirir.
Lakin nə ABŞ, nə də Rusiya hələlik belə bir güzəşt üçün yekun razılıq əldə etməyib. Əldə edilsə, ABŞ Ukraynanı Rusiyanın ambisiyaları çərçivəsinə qurban verəcək və əvəzində Yaxın Şərq regionunda qiymətli aktivlər əldə etməyə çalışacaq. Bu, İran üçün əlavə strateji zərbə, İsrail üçün isə qiymətli akt sayılacaq. Postsovet məkanında, o cümlədən Cənubi Qafqazda ABŞ-nin maraqları format olunacaq və Rusiya ilə uzlaşdırılmış səhnə qurulacaq. Avropa İttifaqının narahatlıqlarının Cənubi Qafqazla əlaqədar hissələri də var. Çünki Donald Tramp Cənubi Qafqazı Rusiyanın təsir zonasına salsa, Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının varlığı da təhlükə altına düşəcək".
A.Kərimov vurğulayıb ki, Rusiya ilə ABŞ arasındakı danışıqları Ukraynanın taleyi baxımdan “vicdanlı” müzakirələr kimi dəyərləndirmək olmaz:
"Buna görədir ki, Volodimir Zelenski Ukraynanın təhlükəsizliyi məsələsindəki maksimalist məqsədlərini qorumaq üçün Türkiyəyə səfər edərək Rəcəb Tayyib Ərdoğandan kömək istəyir. Bu, Türkiyənin Ukrayna müharibəsinin həllindəki strateji portfelini qüvvətləndirir və Ankara Cənubi Qafqazla bağlı da siyasətini Rusiya-ABŞ danışıqları fonunda yenidən nəzərdən keçirir. Bu baxımdan Türkiyənin digər oyunçularla potensial olaraq əməkdaşlıq sahəsi böyüməklə bərabər, Ankaranı bir sıra risklərlə də üzləşdirir".