ABŞ hər il pul ödəməsə, Avropa ilə tarif dəyişiklikləri ilə bağlı danışıqlar aparmayacaq.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Avropa danışıqlar masası arxasına oturmaq istəyir, lakin onlar hər il bizə çoxlu pul ödəməyə başlayana qədər bu baş verməyəcək. Onlar bizim sərvətimizin çoxunu alıblar və biz buna daha icazə verməyəcəyik. ABŞ ticarətdə 1,9 trilyon dollar itirə bilməz. Xüsusilə Avropa ölkələrini qorumaq üçün NATO-ya külli miqdarda pul xərcləyərkən buna imkan verə bilmərik. Biz onları hərbi cəhətdən qoruyuruq, eyni zamanda ticarət itkilərinə də məruz qalırıq”, - Tramp bildirib.
Siyasi şərhçi Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, bütün dünya birjaları alt-üst olub:

"Faktiki olaraq, Trampın təktərəfli qəbul etdiyi tarif siyasətindən sonra səhmlər tənəzzülə doğru gedir. Çox güman ki, dünya iqtisadiyyatı resessiya dönəminə daxil ola bilər. Dünya ölkələrində külli miqdarda işsizlik, investisiyaların azalması, ərzaq qiymətlərinin çoxalması, ənənəvi məşğuliyyət sahələrinin aradan qalxması real görünür. Daha çox işləyən təbəqənin fiks maaşa ehtiyac duyduğu bir dönəmə daxil oluruq. Son zamanlar AB bu mənada Çinlə, bəlkə də gələcəkdə Rusiya ilə də müəyyən əməkdaşlıq imkanlarına baxmaq məcburiyyətində qalır. Çünki ABŞ-a qalıcı şəkildə qarşılıqlı reaksiya vermək gücünə malik deyil. Lakin Avropa ölkələri siyasi baxımdan bunu reallaşdıra biləcəkmi? Bu, hələ məlum olmayan bir yanaşmadır. Ümumiyyətlə AB dərin iqtisadi böhrana doğru gedir".