Mənəvi dəyərlər zəifləyir, cəmiyyət təhlükəli istiqamətə gedir - Sosioloqdan XƏBƏRDARLIQ

Əhməd Qəşəmoğlu: “Sosial şəbəkələr yox, onları idarə edən insanlar problemin əsas mənbəyidir”

“Cəmiyyətə düzgün fikir liderləri çıxarılmazsa, səviyyə daha da enəcək”

ADNA-da törədilən terror aktının 17-ci il dönümüdür. Əvvəllər kütləvi qətllərin arxasında ya muzdlu cinayətkarlar, ya da terrorçular dayanırdı. ADNA-dakı gənclərin gələcəyini əlindən alan isə muzdlu qatil idi. Hadisədən 17 il keçməsinə baxmayaraq cəmiyyətdə inkişaf görmək əvəzinə geriləmə müşahidə edirik. Artıq muzdlu qatillərin yerini gənclər və yeniyetmələr almağa başlayıb.

"İdrak" liseyində müəllimini tüfənglə güllələyən uşağın təsirindən çıxmamış, Qardaş Türkiyənin iki şəhərində şagirdlərin silaha sarılıb, müəllim və yoldaşlarını hədəf aldığının şahidi olduq. Sinif yoldaşını foto və videoları ilə şantaj edənlərdən yazaq? Yoxsa, məktəbə spirt gətirib, həmyaşıdının üzərinə töküb alışqanla yandırandan? Deyirlər ki, cəmiyyətin gələcəyi bugünkü gəncin düşüncəsində gizlidir. İndiki yeniyetmələrin bir çoxunun düşüncəsində isə loru dildə desək mərdiməzarlıq yer alır. Düşüncə isə toxum kimidir. Bu gün əkilən sabah davranışa, davranış isə bütöv bir cəmiyyətin taleyinə çevrilir.

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə bildirib ki, son 50 ildə dünyanın bir çox ölkələrində mənəvi dəyərlər dəyişməyə başlayıb:

“Əvvəllər harda ateist görsəydik, ona qeyri-adi yanaşardıq. Çünki Allaha inanmayanlara çox nadir hallarda rast gəlirdik. İndi isə müxtəlif dinlərə etiqad edənlər arasında radikallaşma gedir. İkinci Dünya Müharibəsindən sonra bir çox ölkədə yenidənqurma və bərpa prosesi həyata keçirildiyi üçün insanlar birlik, həmrəylik və ictimai əlaqələrə daha çox ehtiyac duyurdular. Bu gün isə insanlığın kapitalizmin ən pis tərəflərinə doğru yol aldığının şahidi oluruq”. 

Sosioloqun sözlərinə görə, maddiyyata meyilli yaşam tərzi, mənəvi dəyərlərimizi kölgədə qoymağa başlayıb:

“Mənəvi dəyərlər dedikdə insanın daxili aləmində formalaşan dürüstlük, hörmət, ədalət, vicdan, ailəyə bağlılıq, yardımsevərlik və sədaqət kimi hisslər nəzərdə tutulur. Hazırda gənclər arasında qarşılıqlı hörmət, insan həyatına verilən dəyər arxa plana keçib. Ona görə də iki nəfər uşaqdan biri digərinə söz deyəndə rahatlıqla bıçağa əl atır. Cəmiyyət olaraq, öldürülən mənəvi dəyərləri yenidən diriltməyə çalışmalıyıq. Əks halda, bir müddətdən sonra cəmiyyət anlayışından uzaqlaşıb, qəbiləyə çevriləcəyik. Çoxusu günahı sosial şəbəkələrdə görür”. 

Ə.Qəşəmoğlunun fikrincə, problem sosial şəbəkələrdə deyil, onları pis məqsədlə istifadə edən insanlardadır:

“Azərbaycanda gənclər arasında ən çox izlənilən və dinlənilən kontentlər arasında “oğru həyatı” və oliqarx həyat tərzini tərənnüm edən mahnılar yer alır. Göründüyü kimi, insanlar necə yaşayırsa, sosial şəbəkəki fəaliyyəti də ona uyğun formalaşır. Məsələn, çox kitab oxuyan, elmə marağı olan insanın sosial şəbəkə hesabındakı video və kontentlər, avara həyat tərzi sürən insanın hesabındakı məzmundan tamamilə fərqlənir. Azərbaycanda alim, şair və s kimi savadlı adamlar qala-qala sosial platformaları əxlaqsız adamlar işğal edib”. 

Sosioloq bildirir ki, savadlı kadrlar sosial şəbəkələrdən istifadə etsələr də, orada mütəxəssis kimi çıxış etməkdən çəkinirlər:

“Onlar cəmiyyətdə düzgün qəbul olunmayacaqlarından ehtiyat edirlər. Həyatı boyu kitab üzü açmayanlar isə insanların düşüncələrini nəzərə almadıqları üçün rahatlıqla ağızlarına gələni danışırlar. Alternativi olmayan sosial platformalar, qarşımıza səviyyəsizləri çıxarmağa məcbur qalır. Problemi həll etmək üçün, cəmiyyətə fikrini düzgün çatdıra bilən insanların, lazım gələrsə maddi dəstək qarşılığında, sosial platformalarda mütəxəssis kimi, verilişlərdə isə qonaq olaraq iştirak etmələri təmin olunmalıdır. Cəmiyyətin qarşısına hansı yeməyi bişirib qoysan, zamanla onu yeməyi vərdiş halına çevirəcək”.