ABŞ-nin müdafiə naziri Pit Heqset Konqresin Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib ki, Ukraynaya hərbi yardımın əsas maliyyə yükünü Avropa ölkələri daşımalıdır. Onun sözlərinə görə, bu münaqişə Avropa üçün daha yaxın və birbaşa təhlükədir.
Sherg.az xəbər verir ki, dinləmələr zamanı senator Enqes Kinq ABŞ-nin Ukraynaya yardımının azaldığını, Avropanın isə xərclərini artırdığını göstərən cədvəl təqdim edərək, “Niyə biz Ukraynanı taleyin ümidinə buraxırıq?” sualını ünvanlayıb.
Nazir cavabında bu tendensiyanı müsbət qiymətləndirərək bildirib ki, məhz məqsəd Avropanın daha fəal olmasıdır: “Bu, əla cədvəldir. Biz istəyirik ki, Avropa aktivləşsin, maliyyələşdirsin və bu yükü öz üzərinə götürsün. Onlar varlı ölkələrdir. Əgər bu məsələ Avropa üçün bu qədər önəmlidirsə, o zaman bunun üçün də məhz Avropa ölkələri ödəniş etməlidir. ABŞ administrasiyasının siyasəti də bundan ibarətdir”.
Heqset əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq niyyətində qalır. Onun sözlərinə görə, Tramp hesab edir ki, sonda tərəflər arasında sülh razılaşması əldə olunmalıdır.