Çin hərbçilərinin Ukraynada əsir düşməsi yeni qalmaqala gətirib çıxaracaq
Ukrayna Çin vətəndaşlarının Rusiya ordusunun sıralarında döyüşməsi ilə bağlı rəsmi Pekindən izah tələb edəcək. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Dövlət başçısı bildirib ki, hərbçilərin əsir götürülməsindən sonra Ukrayna xarici işlər nazirinə dərhal Pekinlə əlaqə saxlamağı və Çinin buna necə cavab vermək niyyətində olduğunu öyrənməyi tapşırıb: “Çinin Avropadakı bu müharibədə iştirakı Putinin müharibəni bitirməkdən başqa hər şeyi edəcəyinə dair açıq siqnaldır. O, müharibəni davam etdirmək üçün yollar axtarır. Bu, mütləq reaksiya tələb edir. ABŞ, Avropa və dünyada sülh istəyən hər kəsin reaksiyasını...”. Zelenski vurğulayıb ki, bu, Ukraynanın tərəfdaşları ilə təcili müzakirə etməli olduğu vacib məqamdır: “ABŞ də baş verənlərə diqqət yetirməlidir”. Prezident əlavə edib ki, Çin müharibədə Rusiyaya açıq dəstək verən yeganə ölkə deyil: “Bu, Rusiyanın tərəfində Rusiyanın Ukraynaya təcavüzünü hərbi cəhətdən dəstəkləyən başqa bir ölkədir - İran, Suriya, Şimali Koreya hərbçilərindən sonra. Amma bir fərq var: Şimali koreyalılar bizə qarşı Kurskda vuruşmuşdular, çinlilər isə Ukrayna ərazisində döyüşürlər”. (Teleqraf)
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Çin hərbçilərinin Ukraynada əsir düşməsi yeni qalmaqala gətirib çıxaracaq. Ekspertin sözlərinə görə, bununla sübut olunur ki, rəsmi Pekin Qərblə strateji savaşda Moskva ilə eyni cəbhədə döyüşür:
"Ukrayna Prezidenti V.Zelenski Çindən izahat tələb edəcəklərini elan edib. ABŞ Prezidenti Donald Tramp Rusiya ilə aparılan danışıqlarda atəşkəsə nail olmağa çalışır. Amma Moskva Pekini də yanına alıb, Ukrayna ərazisində müharibəni genişləndirir. Göründüyü kimi, Çin müharibənin bitməsində maraqlı deyil. Şimali Koreya Kurskda hərbi əməliyyatlarda iştirak edir. Çinin isə birbaşa Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirakı sübut olundu".
Analitik qeyd edib ki, Rusiyanın hərbi texnologiya ilə təmin edilməsində Çin əvəzsiz rol oynayır:
"Çinin müharibədə iştirakı Avropa ölkələrinin Ukraynaya ordu yeritməsinə gətirib çıxara bilər. Ukraynada müharibə təkcə Rusiya-Ukrayna müharibəsi deyil, birbaşa Qərblə-Rusiya və Çin arasında müharibədir. Geopolitik müharibə olaraq yeni dünya siyasi nizamının formalaşmasına gətirib çıxaracaq. Rusiya və Çin tandemi Qərbin 70 ildən artıq qurduğu təhlükəsizlik sisteminə zərbə vurub".