Türkiyə İran və İsrailə xəbərdarlıq edib: “Terrorsuz Türkiyə” prosesinə qarışmayın!”

Zeynal Əmrəliyev: “Türkiyə heç kimin PKK ilə bağlı prosesə müdaxiləsinə imkan verməyəcək”
İsrail və Türkiyə hər iki ölkənin Suriyadakı hərbi aktivliyinə dair prinsipial razılığa gəliblər. Razılıq Bakıda bir neçə həftə əvvəl keçirilmiş danışıqlardan sonra əldə olunub. Bu barədə israilli mənbə "İsrael Hayom" nəşrinə məlumat verib. Məlumata görə, tərəflər İsrail Müdafiə Ordusu (SAXAL) qüvvələri və Suriyanın şimalında fəaliyyət göstərən Türkiyə ordusu arasında hərbi toqquşmanın qarşısının alınmasına yönəlmiş bir neçə prinsipi razılaşdırıblar. Ölkənin cənubuna gəlincə, İsrail bu ərazinin silahsızlaşdırılmasında israr edir. "Middle East Eye" portalı eyni zamanda bildirib ki, İsrail və Türkiyə Suriyadakı qüvvələri arasında insidentlərin qarşısının alınması üçün "qaynar xətt" yaradıblar.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, PKK terror təşkilatının tərksilah prosesi Türkiyə Milli Kəşfiyyat Təşkilatı tərəfindən 24 saat izləniləcək. Ekspertə görə, İsrail və İranın yanaşmalarının “Terrorsuz Türkiyə” prosesinə zərər verəcək səviyyəyə çatmaması üçün tərəflərə xəbərdarlıq edilib:
 "İran və İsrailin kürdləri bölgədə proksi qüvvəyə çevirməyə çalışdığı, amma Türkiyənin bu məsələdə qətiyyətli olduğu vurğulanır. PKK ilə bağlı Türkiyənin başlatdığı prosesin bir qolu da İraq və Suriyada bu terror təşkilatına bağlı qrupların məhv edilməsi ilə bağlıdır. Bu qrupların isə uzun müddətdir ki, həm İran, həm də İsraillə geniş əlaqəsi var. Xüsusilə hər iki dövlət məhz Türkiyənin bölgədə güclənməsinin qarşısını almaq üçün  PKK-ya bağlı qruplardan istifadə edir. Suriyada hələ Bəşər Əsəd devrilməmiş İran onunla ittifaq bağlayan YPG, PYD qruplaşmalarına ciddi şəkildə dəstək verirdi. Suriyada Əsəd-Hizbullah-PKK qolu İranın da dəstəyi ilə Türkiyə dəstəkli müxalifətə qarşı ciddi mübarizə aparırdı. Əsəd rejimi hakimiyyətdən devrildikdən sonra kürd qrupları yenidən İranın maraq dairəsinə düşüb. Rəsmi Tehran bu qrupları dəstəkləsə də, bir tərəfdən də onlarla məsafəli davranır. Buna səbəb həm onların ABŞ ilə olan iş birliyi, həm də PKK-nın bir qolu olan PJAK-ın İrana qarşı olan fəaliyyətidir". 
Analitik qeyd edib ki, İranla bərabər İsrail də bu qruplara ciddi dəstək verir:
 "Bu ölkənin rəhbərliyi Türkiyənin PKK-nın qolu hesab etdiyi YPG-ni İslam radikalizminə dayanan sekulyar güc kimi qələbə verərək onunla sıx əməkdaşlıq edir. Rəsmi təsdiq olunmasa da, bu müddət ərzində İsrail YPG-yə kəşfiyyat məlumatları, texnoloji avadanlıqlar və izləmə cihazları ötür. Bu barədə dəfələrlə müxtəlif hesablarda da qeyd edilib. Eyni zamanda İsrail Türkiyənin Suriya siyasətini sərt tənqid edərək "kürd muxtariyyəti" ideyasını dəstəkləyir. Türkiyə hökuməti hazırda başlatdığı prosesə kiminsə mane olmasını qəbul etmir və buna görə də İranla İsrailə öz xəbərdarlığını edir. Bu açıqlama məsələnin Türkiyə üçün necə böyük əhəmiyyət daşıdığını bir daha sübut edir".