ABŞ Demokratları ölkənin ən varlı milyarderlərinin istifadə etdiyi vergi boşluğunu aradan qaldırmaq niyyətindədir. Söhbət bahalaşmış aktivlərin varislərə minimal vergi ilə ötürülməsinə imkan verən annuitet trastlarından gedir.
Sherg.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, senator Ron Uayden bu sxemin ləğvi ilə bağlı qanun layihəsinin mümkün qədər tez qəbul edilməsinə çalışır.
Məlumata görə, İlon Mask təxminən 1 milyard dollar dəyərində “SpaceX” səhmlərini belə trastlarda yerləşdirib. “Nvidia” rəhbəri Censen Huang və həyat yoldaşı isə noyabrın sonunda dəyəri təxminən 16 milyard dollar olan şirkət səhmlərini eyni mexanizmdən istifadə etməklə trasta keçiriblər.
Bu üsuldan AMD rəhbəri Liza Su və “Microsoft”un baş direktoru Satya Nadella da yararlanıb. Ümumilikdə adıçəkilən milyarderlərin trastlara təxminən 20 milyard dollar dəyərində səhm ötürdüyü bildirilir.
Uayden qanun layihəsinin qəbuluna nail olacağını bildirib. Lakin ABŞ Prezidenti Donald Tramp sənədə veto qoya bilər. Vetonu aradan qaldırmaq üçün Konqresdə üçdə iki səs çoxluğu tələb olunur.
Qeyd edək ki, ABŞ Demokratları daha əvvəl Donald Trampla əlaqəli milyarderlər barədə araşdırmalar aparmaq niyyətində olduqlarını açıqlamışdı. Siyahıda İlon Mask və Censen Huangın da adları çəkilmişdi.