PKK silahı yerə qoymayacaq: “Terrorsuz Türkiyə” planını pozanlar var -PROQNOZ

Natiq Miri: “Öcalanın çağırışı artıq heç nəyi dəyişmir”
İraqın şimalında keçmiş PKK terror qruplaşması üzvlərinin silahları iyulun 11-dən etibarən təhvil verəcəkləri gözlənilir. Bildirilib ki, silahların təhvil verilməsi prosesi Süleymaniyyə bölgəsində baş tutacaq. Qeyd olunub ki, DEM Partiya prosesi müşahidə etmələri üçün xüsusi nümayəndə heyəti formalaşdırıb. Heyətdə partiya həmsədrləri Tülay Hatimoğulları və Tuncer Bakırhanın da olacağı nəzərdə tutulub. Eyni zamanda tərk-silah prosesinin əvvəlcədən canlı yayımlanması planlaşdırılsa da, ancaq təhlükəsizlik səbəbindən ləğv edilib. PKK-nın silahları təhvil verməsi prosesinin videosu bir neçə gün sonra yayımlanacaq.
Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında deyib ki, Türkiyə çox həssas dönəmdən keçir. Ekspert düşünür ki, PKK və ona bağlı olan qüvvələr bütövlükdə silahı yerə qoymayacaqlar: 
"Doğrudur, bu proses Türkiyə kəşfiyyat və güc orqanlarının nəzarəti altında həyata keçirilir, koordinasiya olunur. Bu prosesin içərisində sadəcə Türkiyənin dövlət orqanları deyil, eyni zamanda Şimali İraqın kürd muxtariyyəti İraq dövləti, eyni zamanda Suriyanın yeni hökuməti koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Çünki PKK sadəcə Türkiyə və İraq sərhədində, İraqın şimalında mövcud deyil. Müxtəlif adlarla İranla sərhəddə PJAK, həmçinin, İraqın Sincar bölgəsində, Suriyanın şimalında YPG, PYD və başqa silahlı qruplaşmalar da var. Bu terrorçu qüvvələri "İŞİD-ə qarşı vasitə" kimi dəyərləndirirlər. Yəni beynəlxalq ictimai rəyə bu cür təqdim olunur. Məhz bu ad altında həmin təşkilatların maliyyələşməsi reallaşdırılır. Ona görə də indiki vəziyyətdə PKK və onun qollarının A.Öcalanın çağırışına əməl edəcəklərini düşünmürəm. Çünki bu məsələ terrorçubaşı Öcalanı aşıb. PKK və onun qollarının maliyyələşdirilməsi, silahlandırılması regionda maraqları olan güc mərkəzləri tərəfindən həyata keçirilir". 
Analitik vurğulayıb ki, Türkiyə İsraillə açıq-aşkar qarşıdurma vəziyyətindədir, münasibətlər kəskindir: 
"Belə şəraitdə İsrail heç zaman istəməz ki, Türkiyənin 30 ildən çoxdur başını qatan, enerjisini tükədən terror birdən-birə tamamilə bitirilsin. Yəni "terrorsuz Türkiyə" layihəsinin reallaşmasını istəməyən kənar qüvvələr var. İranı və Tehranın proksi qüvvələrini kifayət qədər zəiflətmiş İsrailin qarşısındakı yeganə güc Türkiyədir. Ona görə də Türkiyəni daim təzyiq altında tutmaq üçün PKK kimi terror ünsürlərinin fəaliyyətinə ehtiyac var. Suriya və İraqdakı terrorçular Avropadan, Fransa və Almaniya kimi ölkələrdən, güc mərkəzlərindən konkret dəstək və sifariş alırlar. Ancaq ümumi anlamda və perspektivdə PKK-nın bitirilməsi mümkün olacaq. Xüsusən, İraqla sərhəddə, terror yuvası olan Qəndildə terrorçu ünsürlər tamamilə məhv ediləcək. Bu da təhlükəsizlik baxımından Türkiyəyə çox böyük üstünlük və imkanlar qazandıracaq". 
N.Miri əlavə edib ki, məsələnin həm də hüquqi tərəfi var: 
"PKK-nın rəsmən buraxılmasından və bunun elan olunmasından sonra türk əsgərinə qarşı hansısa terror əməliyyatları keçirmək cəhdləri Türkiyə dövlətinə əks həmlə üçün daha geniş hüquqi zəmin yaradacaq. Ölüm qorxusuna görə PKK-dan ayrıla bilməyən yüzlərlə terrorçu üçün də təşkilatın tərksilah edilməsi tarixi fürsətdir. Böyük cinayətlər törətməyən terrorçuların əfvi məsələsi gündəmdədir. Hər bir halda Türkiyə udan tərəf olacaq. Ancaq bütövlükdə regionda terrorun qısa zamanda tamamilə sonlanması hələlik mümkünsüzdür. ABŞ-Türkiyə səviyyəsində konkret anlaşma olmasa, Suriyanın şimalında YPG terror qruplaşması qalmaqda davam edəcək. O baxımdan Türkiyə ordusu yenidən Suriyada hərbi əməliyyatlar keçirə bilər".