Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihə çərçivəsində dahi Azərbaycan şairi və türk dünyası mütəfəkkiri Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Ankarada nəşr edilib.
Bu barədə Sherg.az-a Türkiyədə fəaliyyər göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, “Xosrov və Şirin” poemasını orijinaldan Türkiyə türkcəsinə Ərzurum Atatürk Universitetinin professoru, tanınmış şərqşünas və tərcüməçi professor Nimet Yıldırım tərcümə edib.
Tərcüməçi nəşrə yazdığı ön sözdə Nizami Gəncəvinin həyat və yaradıcılığını, Azərbaycan və Şərq ədəbiyyatındakı mövqeyini, “Xosrov və Şirin” poemasının yaranma tarixini, ideya-fəlsəfi məzmununu və dünya ədəbiyyatına təsirini ətraflı təhlil edib.
Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, Nizami Gəncəvi irsinin Türkiyədə geniş tanıdılması və Azərbaycan klassik ədəbiyyatının ortaq Türk dünyası mədəniyyət məkanında təbliği məqsədilə 2024-cü ildən həyata keçirilən layihə çərçivəsində şairin “İskəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” və “Xosrov və Şirin” əsərləri orijinaldan Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunub.
Nəşrlər böyük şairin zəngin ədəbi-fəlsəfi irsinin Türkiyənin elmi, ədəbi və mədəni mühitində daha geniş tanıdılmasına, Azərbaycan və Türkiyə arasında ortaq ədəbi-mədəni əlaqələrin inkişafına mühüm töhfə verir.