İspaniyada mənzil böhranının həlli və maaşların artırılması tələbi ilə keçirilən ümumi tətilə ölkə üzrə minlərlə insan qatılıb.
Sherg.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, aksiyalar zamanı 50-dən çox şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, polis və jandarma gün ərzində ölkə üzrə 919 hadisə qeydə alıb. Barselona, Madrid, Valensiya və digər şəhərlərdə keçirilən aksiyalar zamanı polis ilə nümayişçilər arasında toqquşmalar baş verib. Hadisələr nəticəsində azı 25 nəfərin yaralandığı bildirilir.
Tətil nəqliyyat, səhiyyə və sənaye sektorlarında ciddi fasilələrə səbəb olub. Ölkə üzrə 332 aviareys, eləcə də uzun məsafəli qatar reyslərinin 24 faizi ləğv edilib.
Həmkarlar ittifaqları aksiyalarda iştirakın yüksək olduğunu bildirsələr də, işəgötürənlər və sağçı siyasi qüvvələr tətilin kütləviliyini şübhə altına alıblar.
Qeyd edək ki, İspaniyada sonuncu ümumi tətil 14 il əvvəl keçirilib. Aksiyalar noyabrın 29-da keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsinə təsadüf edib.