
ATƏT-in 33 illik layihəsi çökdü - ŞƏRH
17:51 03.09.2025
Gündəm
379
Minsk qrupu dağıldı, Cənubi Qafqazda sülh prosesi sürətlənir
ABŞ-Rusiya-Fransanın rəhbərliyi ilə qurulmuş ATƏT-in Minsk qrupu 33 ildən sonra ləğv edildi və bununla Qafqazda bir dövr başa çatdı. Sherg.az türk jurnalist Serkan Demirtaşın bu barədə şərhini təqdim edir.

SSRİ-nin dağılmasından sonra müharibə və qeyri-sabitliklə anılan Cənubi Qafqazda son bir ayda baş verən hadisələr bölgədə bir dövrün bağlandığını, əməkdaşlıq və sülhün bərqərar olduğu yeni bir mərhələnin başladığını göstərir. Bunun ən konkret nümunəsi 1992-ci ildə Azərbaycan və Ermənistan arasında başlayan Qarabağ münaqişəsinin həlli üçün qurulmuş ATƏT-in Minsk prosesinin 1 sentyabr 2025-ci ildən etibarən ləğv olunmasıdır.
Bu qərarı ATƏT-in Baş katibi Feridun Sinirlioğlu və ATƏT-in hazırkı sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen elan ediblər. Məlumata görə, proses Ermənistan və Azərbaycanın birgə çağırışı və ATƏT Nazirlər Şurasının qərarı əsasında dayandırılıb. Sinirlioğlu bu addımı “tarixi” adlandıraraq qeyd edib ki, uzun illər davam edən münaqişə və etimadsızlığa baxmayaraq, diplomatiya nəticə verə bilər: “Bu vəziyyət göstərir ki, tərəflər ortaq zəmin tapmaqda qətiyyətli olduqda razılıq mümkündür”.
Ağ Ev görüşü dönüş nöqtəsi oldu
Azərbaycan və Ermənistan bu mühüm addımı 8 avqustda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən zirvədə əldə olunan nəticələr əsasında atıblar. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Trampın vasitəçiliyi ilə Qarabağ müharibəsindən sonra iki ölkə arasında daimi sülh sazişinin imzalanması yolunda əhəmiyyətli mərhələni geridə qoyublar. İmzalanmış niyyət bəyannaməsi həm də Minsk prosesinin sona çatdırılması ilə bağlı tərəflərin ortaq mövqeyini ortaya qoyub. Daha sonra Bakı və İrəvan ATƏT-ə müraciət edərək prosesi və bağlı strukturları ləğv etməyi xahiş ediblər. 57 üzvdən ibarət ATƏT Nazirlər Şurası bu çağırışı yekdilliklə qəbul edib.
Minsk qrupu da dağıdıldı
Beləliklə, 1994-cü ildə yaradılan Minsk qrupu da buraxılıb. Qrupun həmsədrləri ABŞ, Rusiya və Fransa idi. Digər daimi üzvlər Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, eləcə də Ermənistan və Azərbaycan idi. Onun əsas vəzifəsi münaqişənin dayandırılması və siyasi həll üçün çərçivə yaratmaq idi. Lakin həmsədr ölkələrin fərqli geosiyasi maraqları problemin həllindən çox Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına şərait yaratdı. Azərbaycan isə 2000-ci illərin ortalarından etibarən Minsk qrupuna etimadsızlığını açıq şəkildə bildirirdi. Xüsusilə Fransanın açıq şəkildə Ermənistanı dəstəkləməsi qrupun tamamilə təsirsiz hala gəlməsinə səbəb oldu. 2020-ci ildə başlayan müharibədən sonra Azərbaycan Qarabağ ərazilərinə nəzarəti bərpa etdi. Müharibədən sonra tərəflər sərhədlərin müəyyənləşdirilməsi və daimi sülh müqaviləsi üçün masa arxasına oturdular və razılıq əldə etdilər.
Ankaranın mövqeyi
Minsk prosesinin ləğvi Türkiyə tərəfindən də müsbət qarşılanıb. Xarici İşlər Nazirliyi bəyan edib: “1 sentyabr 2025-ci ildə ATƏT Nazirlər Şurası tərəfindən qəbul edilən Minsk prosesi və bağlı strukturların ləğvinə dair qərarı məmnuniyyətlə qarşılayırıq. Azərbaycan və Ermənistanın ortaq səyləri ilə mümkün olan bu tarixi qərar iki ölkə arasındakı sülh prosesinin mühüm mərhələlərindən birini təşkil edir”.
Türkiyə üçün Azərbaycan-Ermənistan sülh prosesi, həm də Ankara-İrəvan normallaşma prosesinin əsas parametrlərindən biridir. Bu səbəbdən Ankara mövzunu yaxından izləyir və tərəflərlə dialoqu davam etdirir. Prezident Rəcəb Tayyib Ərdoğan da Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşərək prosesi müzakirə edib. Ərdoğan dönüşdə jurnalistlərə bildirib: “Ağ Ev görüşündən sonra Cənubi Qafqazda sülh və sabitlik prosesi sürətləndi. Əliyevlə də, Paşinyanla da ətraflı danışdım. Hər iki tərəfin eyni nöqtədə olduğunu gördüm. Eyni istiqamətə baxırlar. Zəngəzur dəhlizi məsələsində də heç bir problem, fikir ayrılığı yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdi
10:16 10.07.2026
Gündəm
Şuşada Qlobal Media Forumu keçiriləcək
10:12 10.07.2026
Media
Azərbaycan nefti 79 dollara satılır
09:42 10.07.2026
İqtisadiyyat
Azərbaycan və Rusiya Samur çayını bölüşdürür
09:33 10.07.2026
Aktual
Saçları ağardan yaş deyilmiş
09:19 10.07.2026
Maraqlı
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz