ABŞ-də yəhudi lobbisi belə Netanyahudan uzaqlaşa bilər - Aydın Sezer

  • “Tramp artıq Netanyahunun şəxsi ambisiyalarına xidmət etmək istəmir”

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasındakı gərginliyin pərdəarxası məqamları ortaya çıxıb. İki liderin münasibətlərindəki soyuqluq, Netanyahunun ABŞ-nin Türkiyəyə F-35 satmaq fikrinə qarşı çıxması ilə özünü göstərdi. Netanyahunun iyunun 18-nə Vaşinqtona planlaşdırdığı görüşün ərtələnməsi də rezonans doğurub. İsrail mətbuatında, Tramp və Netanyahunun görüşəcəyinə dair xəbərlər yayılasa da, Ağ Evin belə bir görüşü planlaşdırmadığı üzə çıxıb. Axiosun məlumatına görə, İsrail tərəfi Vaşinqton səfərinə hazırlıq görüb və protokol qruplarını ABŞ-yə göndərib. Lakin, Ağ Ev görüşə razılıq verməyib. Politico isə qərəzli şəkildə, İsrail və ABŞ münasibətlərini təhlil edib. Nəşr iddia edir ki, İsrail höküməti, Vitse-prezident Cey Di Vensə qarşı gizli qarayaxma kampaniyası aparır. Qeyd edək ki, oktyabrın 27-də İsraildə parlament seçkiləri keçiriləcək. Netanyahunun hakimiyyətdə qalıb-qalmayacağı sual altındadır.

Mövzu ilə bağlı xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, İsrailin son illərdə apardığı siyasət Netanyahunu həm ölkə daxilində, həm də beynəlxalq arenada küncə sıxışdırıb:

“Bir vaxtlar Qərbdə güclü siyasi dayaqlara malik olan Netanyahu, bu gün Avropa və Körfəz ölkələrinin gözündə əvvəlki nüfuza sahib deyil. Hətta ABŞ-də demokratlar və respublikaçılar arasında da ona dəstək zəifləyib. Tramp administrasiyası, Netanyahunun ABŞ-nin xarici siyasətinə zərər verməyə başladığını düşünür. Tramp belə sərhədini cızmağa başlayıbsa, Netanyahunun Vaşinqtondakı toxunulmazlıq dövrü rəsmən bitib. ABŞ lideri, onun şəxsi ambisiyaları üçün Amerikanın resurslarını xərcləmək niyyətində deyil. Bu gərginlik Türkiyəyə F-35 qırıcılarının satışı məsələsindən əvvəl də hiss olunurdu. Türkiyə ilə bağlı açıqlamalar isə Tramp-Netanyahu münasibətlərindəki çatları daha da dərinləşdirdi”.

Ekspertin sözlərinə görə, Netanyahunun Türkiyəyə F-35 verilməsinə qarşı çıxmasının bir neçə səbəbi var:

“Birincisi, Türkiyənin bu təyyarələrə sahib olmaqla, bölgədə hava üstünlüyü qazanacağı və strateji balansları öz xeyrinə dəyişəcəyi barədə narahatlıqdır. Bu məsələ, Şərqi Aralıq dənizindəki rəqabət kontekstində də olduqca mühümdür. Yunanıstan, İsrail və Kipr üçbucaq şəkilində Türkiyəyə qarşı birləşib. Onların əməkdaşlığı, Türkiyə tərəfindən təhlükə kimi qəbul edilir. Eyni zamanda, İsrail də Türkiyənin F-35-lərlə güclənməsini təhlükəsizlik maraqlarına risk hesab edir. Tramp isə öz siyasi kursuna müdaxilə edilməsini qətiyyən istəmir. Bütün bunlar, Netanyahunun Vaşinqtondakı toxunulmazlıq statusunu sual altına salır”.

A. Sezer onu da qeyd edib ki, seçkilərdə Netanyahunun getməsinin ABŞ maraqlarına daha uyğun olacağı fikri artıq qətiləşir:

“Hətta ABŞ-dəki yəhudi lobbisi belə, Netanyahudan uzaqlaşa bilər. Lakin Trampla Netanyahu arasındakı şəxsi gərginlik, ABŞ-İsrail strateji tərəfdaşlığını sarsıdacaq gücdə deyil. Çünki problem liderlərin şəxsi etimadsızlığındadır. Vaxtilə qarşılıqlı strateji uyğunluğa söykənən münasibətlər, indi daha çox zərurətdən doğan tərəfdaşlığa çevrilib. Tramp üstünlüyünü diktə edərkən, Netanyahu daxili siyasətdə, sərt ritorika ilə itirdiyi təşəbbüsü geri qaytarmağa çalışır. Lakin siyasi reallıq dəyişib: Seçki ərəfəsində Netanyahunun Vaşinqtondakı manevr imkanları tükənir. Bir zamanlar onun ən böyük strateji aktivi sayılan "Tramp kartı" artıq gücün deyil, zəifləyən siyasi mövqeyin və çarəsizliyin simvoluna çevrilir”.