ABŞ İranın sülh təklifinə hələ dəqiq cavab vermədiyini bildirib

ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, İran hələ də Amerikanın vəziyyəti nizamlamaq təklifinə aydın cavab verməyib.

"Report"un məlumatına görə, o, bunu "NBC News"a müsahibəsində deyib.

"Düşünmürəm ki, İrandan hələ dəqiq cavab eşitmişik", - Rayt bildirib və danışıqlar prosesinin yavaş irəlilədiyini əlavə edib.

ABŞ Energetika Nazirliyinin rəhbəri İranın nüvə proqramının bütün məsələlərini əhatə edə bilməyən aralıq sazişin mümkünlüyünü də güman edir.

O, Vaşinqtonun prioritetinin Hörmüz boğazının açılması deyil, İranın nüvə proqramı olduğunu vurğulayıb.

Daha əvvəl "Al Jazeera" telekanalı bildirib ki, Pakistan ABŞ-nin münaqişənin həlli təklifinə İranın cavabını çatdırıb.