- “Dünya İkinci Cahan savaşından sonra belə vəziyyətə düşməmişdi”
- Əli Oruclu: "Vaşinqtonun əsas hədəfi İranın nüvə proqramı deyil
ABŞ Prezidenti Donald Tramp İrana qarşı əvvəlki hərbi əməliyyatlardan daha genişmiqyaslı zərbələrin endirilməsi imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.
ABŞ Prezidenti hələlik yekun qərar vermədiyini qeyd edib.
"Mən böyük bir hücum planlaşdırıram. Əvvəlkindən daha böyük. Qərar verməyə yaxınam. Hamımız buna hazırıq", - deyə Tramp bildirib.
Politoloq Əli Oruclu Sherg.az- açıqlamasında bildirib ki, ABŞ Konqresinin qətnaməsi, sülhə olan ümidləri artırır:
“ABŞ-İran arasında müharibənin səbəbləri, ikinci nüvə silahına malik olması istiqamətində həyata keçirilən nüvə və raket proqramları göstərilsə də, əsas səbəb Vaşinqtonun böyük və ambisiyalı hədəfləridir. Birləşmiş Ştatlar üçün dünya neft-qaz ehtiyatlarına və strateji nəqliyyat marşrutlarına tam nəzarət beynəlxalq iqtisadiyyata təsir və onu idarə etmək imkanı deməkdir. İran zəngin neft və təbii qaz ehtiyatları ilə yanaşı, litium da daxil olmaqla nadir torpaq elementlərinə malikdir. Eyni zamanda, dünya enerji və dəniz nəqliyyatı zəncirinin ən mühüm həlqələrindən biri hesab olunan Hörmüz boğazına nəzarət edir. Bəsrə və Oman körfəzlərinin sahillərində yerləşir. Asiyanın qapısı hesab edilir. Belə geostrateji əhəmiyyət kəsb edən təbii resurslarla zəngin bir dövlətin ABŞ maraqlarından kənar qalması, onun hegemon roluna xidmət etmir. Əksinə, Çin və Rusiya kimi güclü rəqiblərlə Tehranın inkişaf edən və dərinləşən əməkdaşlığı, Ağ Evi ciddi şəkildə narahat edirdi. Hələ ki Donald Tramp qarşıya qoyduğu məqsədlərinə bütünlükdə çata bilməyib".
Ə. Oruclu daha sonra qeyd edir ki, 60 günlük atəşkəsdən sonra iyulun 8-də müharibənin yenidən başlaması təkcə bölgəni deyil, dünyanı ciddi şəkildə təsirləndirməkdədir:
"Beynəlxalq neft -qaz daşımalarının 25-30 faizinə su nəqliyyat xətti olan və digər daşımalarda əhəmiyyət daşıyan Hörmüz boğazının İran tərəfindən bağlanması, həmçinin ABŞ-nin isə Oman körfəzini bloklaması neftin satış qiymətini sürətlə bahalaşdırdı. Bu isə nəticə etibarı ilə iqtisadiyyatın silkələnməsinə gətirib çıxarmaqdadır. Çin, Hindistan, Cənubi Koreya, Yaponiya, İndoneziya kimi böyük iqtisadiyyatlar, Hörmüzə tətbiq olunan məhdudiyyətlər ucbatından ciddi problemlərlə üzləşməkdədir. Qərbin özü də xeyli sıxıntılar keçirir. Müharibənin davam etməsi bunun böyük bir coğrafiyaya yayılma ehtimalını da artırır. Onsuz da körfəz ölkələri kifayət qədər hava hücumlarından zərər görüb. İnfrastruktur və neft emal zavodlarına və obyektlərə ziyan vurub. İordaniya, Suriya, İraq da İranın hava hücumlarına məruz qalırlar. İranla koordinasiyalı hərəkət edən Yəmən husiləri, digər strateji boğazı - Bab əl Məndəb boğazını təhlükəsiz hala salıb. Demək olar ki bağlayıb, Səudiyyə Ərəbistanı ilə müharibə edir. Ər Riyadın hərbi müttəfiqi olan Pakistan da İranın davamlı hücumlarından narahatdır. Bir sözlə dünya bəlkə də ikinci cahan savaşından sonra belə mürəkkəb və həssas vəziyyətə düşməmişdi. ABŞ Konqresinin bu günlərdə prezidentin İrana qarşı müharibə aparmasını qadağan edən qətnamə qəbul etməsi tezliklə sülhün əldə olunacağına dair ümidləri artırır.”
Paşa Nuru