ABŞ mətbuatından "CNN International" atəşkəsin pərdəarxasında yeni bir cəbhənin formalaşdığını iddia edərək, Pekindən Tehrana göstərilən “səssiz dəstəyi” gündəmə gətirib. Budur təfərrüatlar...
Sherg.az xəbər verir ki, "CNN International"ın kəşfiyyat mənbələrinə istinadən yaydığı xəbərə görə, Çinin yaxın həftələrdə İrana yeni hava hücumundan müdafiə sistemləri göndərməyə hazırlaşdığı iddia olunur. Bu inkişaf Vaşinqtona qarşı yeni balans axtarışının əlaməti kimi qiymətləndirilir.
Xəbərdə sözügedən sistemlərin çiyindən atılan hava hücumundan müdafiə raketləri (MANPADS) olduğu qeyd edilir və bu silahların xüsusilə aşağı hündürlükdə uçan döyüş təyyarələrinə qarşı effektiv olduğu bildirilir.
“Belə ki, ABŞ Prezidenti Donald Tramp da bir neçə gün əvvəl İran üzərində vurulan F-15 döyüş təyyarəsinin "istilik güdən, çiyindən atılan raket"lə vurulduğunu təsdiqləmişdi”, - deyə qeyd olunub.
Xəbərdə diqqətə çatdırılır ki, İran tərəfi həmin cavab zərbəsində “yeni bir hava müdafiə sistemi”ndən istifadə etdiyini açıqlayıb.
“Sistemin detalları barədə məlumat verilməyib. Bu isə Tehranın müdafiə qabiliyyətini sürətlə inkişaf etdirdiyini göstərən mühüm göstərici kimi ön plana çıxır”, - deyə qiymətləndirmə aparılıb.
ABŞ kəşfiyyatının iddiasına görə, Pekin rəhbərliyi mümkün tədarükləri üçüncü ölkələr vasitəsilə həyata keçirərək birbaşa əlaqəni gizlətməyi planlaşdırır. CNN isə yazır ki, “bu strategiya Çinin bir tərəfdən İranla münasibətlərini dərinləşdirərkən, digər tərəfdən beynəlxalq arenada "tərəfsizlik" görüntüsünü qoruma cəhdinin bir hissəsi kimi dəyərləndirilir”.
Digər tərəfdən, Çinin Vaşinqtondakı səfirliyi iddiaları qəti şəkildə təkzib edib. Açıqlamada Çinin heç bir tərəfə silah vermədiyi bildirilib və ABŞ “əsassız ittihamlardan və təxribat xarakterli bəyanatlardan çəkinməyə” çağırılıb.
Mütəxəssislərə görə, xüsusilə Çin və Rusiya ilə qurulan hərbi və iqtisadi əməkdaşlıq İranın uzunmüddətli müqavimət strategiyasının əsasını təşkil edir.
Xəbərin sonunda qeyd olunur ki, “Çinin İrana mümkün dəstəyi təkcə hərbi deyil, eyni zamanda geosiyasi mesaj daşıyır. Pekin İran neftindən asılılığı səbəbindən Tehranla münasibətlərini qoruyur, eyni zamanda birbaşa qarşıdurmadan kənarda qalaraq qlobal balansda "səssiz, lakin təsirli" aktor kimi mövqeyini davam etdirir”.
ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hücumlardan sonra İranın cavab zərbələri və bəzi region ölkələrinə hücumları ilə proses müharibəyə çevrilmişdi. ABŞ Prezidenti Donald Tramp 8 aprel saat 01:30 radələrində atəşkəsi qəbul etdiyini açıqlamışdı.
Tramp bildirib ki, Hörmüz boğazının açılması şərti ilə 2 həftəlik atəşkəsə razılaşıblar, İrandan 10 maddəlik təklif alıblar və bunun danışıqlar üçün uyğun əsas olduğunu qeyd edib.
İranla ABŞ arasında müvəqqəti atəşkəsi dəstəklədiyini bildirən İsrail rəhbərliyi isə razılaşmaya Livan məsələsinin daxil edilmədiyini əsas gətirərək Livana hücumlarını davam etdirir.
İsrailin 2 martdan bu yana Livana həyata keçirdiyi hücumlar nəticəsində azı 1888 nəfər həyatını itirib.