ABŞ şirkətləri süni intellektin inkişafı sahəsində Türkmənistanla əməkdaşlıq etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibinin ictimai diplomatiya üzrə müavini Sara Rocers jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
S. Rocers qeyd edib ki, süni intellekt və məlumatların emalı mərkəzləri mövzusu onun Mərkəzi Asiya regionunda keçirdiyi bütün görüşlərdə əsas yer alıb:
"Bu texnologiyanın inkişaf etməsi çox müsbət haldır, çünki o, biznesin idarə olunması və təhsil metodlarını tamamilə dəyişəcək. Türkmənistanın bu texnologiyaya maraq göstərməsi məni sevindirir və bu, təəccüblü deyil. Hesab edirəm ki, hökumət texnoloji tərəqqi və rifah istəyir. Ümumiyyətlə, hər hansı ölkə texnologiya və rifah tərəfdarıdırsa, ABŞ şirkətləri bunları təmin etməyə hazırdır."
Qeyd edək ki, ABŞ rəsmisi iyunun 8-də Türkmənistana səfər edib. O, bundan əvvəl Hindistan, Nepal və Özbəkistanda rəsmi görüşlər keçirib.