Alla Puqaçova Mayamidəki elit daşınmaz əmlakını qızının adına keçirib

Müğənni Alla Puqaçova ABŞ-da yerləşən aktivlərini qorumaq məqsədilə Mayamidəki elit daşınmaz əmlakını qızı Kristina Orbakaytenin adına rəsmiləşdirib.

Sherg.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Söhbət Atlantik okeanı sahilində yerləşən nüfuzlu Majestic Tower yaşayış kompleksindəki 285 kvadratmetrlik lüks mənzildən gedir. Puqaçova həmin mənzili 2004-cü ilin mart ayında 2 milyon 50 min ABŞ dollarına alıb.

Məlumata görə, ailə mümkün Qərb sanksiyalarından qorunmaq üçün əmlakın hüquqi statusunu hələ 2014-cü ildən dəyişməyə başlayıb. Həmin vaxt Puqaçova mülkiyyətçilər sırasına qızı Kristina Orbakayteni, nəvəsi Nikita Presnyakovu və kürəkəni Mixail Zemtsovu daxil edib. Sonrakı illərdə aparılan bir neçə yenidən rəsmiləşdirmədən sonra, 2020-ci ilin mart ayında Kristina Orbakayte mənzilin tam hüquqlu sahibi olub. Bildirilir ki, o, bu hüququ simvolik olaraq 1 ABŞ dolları müqabilində əldə edib.

Eyni zamanda, hüquqi riskləri minimuma endirmək məqsədilə Orbakaytenin həyat yoldaşı da sənədlərdə saxlanılıb. Hazırda əmlak məhkəmə iddialarından qorunmaq üçün ailə trastlarına (family trusts) keçirilib. Mənzil üzrə illik əmlak vergisinin təxminən 40 min ABŞ dolları olduğu qeyd edilir.

Bundan əvvəl də məlumat yayılmışdı ki, Alla Puqaçovanın Rusiyada təxminən 120 milyon rubl məbləğində vəsaiti qalıb. Onun faiz gəliri gətirən iki bank depoziti, həmçinin 200-dən çox mahnıya görə müəllif qonorarları var. Bundan başqa, Puqaçova Rusiya pensiyası alır və xaricdə yaşayarkən də bu vəsaitləri idarə edə bilir, çünki o, Rusiyada "xarici agent" statusuna malik deyil.