Ukrayna Prezidenti Qərbə sərt tələb irəli sürdü
Ukrayna Prezidenti Vladimir Zelenski yenidən Avropa İttifaqına Ukraynanın quruma üzvlüyü üçün konkret tarix açıqlanmasını tələb edib.
Sherg.az xəbəbər verir ki, o, bu barədə Niderlandın "Buitenhof" televiziya proqramında çıxışı zamanı bildirib.
“Bizə siyahı lazımdır, biz birinci, ikinci, üçüncü, onuncu addımı yerinə yetirəcəyik, amma siz bölmələri açmalı və bizə tarix deməlisiniz. Bizim üçün yeni qaydalar yaradılıb, amma söhbət yalnız soruşduğumuz tarixdən gedir. Bəli, bu doğrudur, mən tarix barədə soruşmuşam”, - deyə o bildirib.
Zelenski həmçinin xəbərdarlıq edib ki, Avropa İttifaqı Ukraynanı “Gürcüstanı itirdiyi kimi” itirə bilər, əgər Kiyevin tələblərini yerinə yetirməzsə. Onun sözlərinə görə, Ukrayna Aİ tərəfindən “bərabər səviyyəli ölkə” kimi qəbul edilməli və “sınaq versiyası” üzvlük yanaşmasından imtina edilməlidir.
Ötən həftə Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında Zelenski yenidən Ukraynanın Aİ-yə qəbulunu tələb etmişdi. O, eyni zamanda, məhdud hüquqlarla Avropa İttifaqı və NATO üzvlüyünü qəbul etmədiklərini bildirmişdi.
Martın əvvəlində Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirmişdi ki, Ukrayna 2027-ci ilə qədər bloka daxil ola bilməyəcək və buna görə də “mərhələli üzvlük” planı hazırlanır.
Ötən həftə isə "Politico" nəşri mənbələrə istinadən yazmışdı ki, Aİ-nin əsas üzvləri, o cümlədən Almaniya, Niderland və İtaliya - yaxın zamanda Ukraynanın birliyə qəbulunu müzakirə etmək istəmir.