Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb

Banqladeşdə mart ayının ortalarından davam edən qızılca epidemiyası nəticəsində xəstəlik şübhəsi ilə həyatını itirən uşaqların sayının 999-a çatdığı bildirilib.

 Sherg.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Xidmətləri Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, son bir ayda 100-dən çox uşaq xəstəlik səbəbindən ölüb. Mart ayından etibarən ölkə üzrə 166 mindən çox şübhəli qızılca halı qeydə alınıb.

Epidemiyanın qarşısını almaq məqsədilə mart ayında təcili peyvəndləmə kampaniyasına başlanılıb. İlk mərhələdə 6 aylıqdan 5 yaşadək uşaqlara üstünlük verilib, daha sonra peyvəndləmə proqramı mərhələli şəkildə ölkənin bütün ərazisini əhatə edib.

Qızılca pnevmoniya və ensefalitə səbəb ola bilər və dünyada peyvəndlə qarşısı alına bilən ölüm hallarının əsas səbəblərindən biri hesab olunur.