Bəqayi: Tehran və Vaşinqton arasında birbaşa dialoq yoxdur

Hazırda İran və ABŞ arasında birbaşa diplomatik kanal yaradılmayıb.

"Report"un "Tasnim News"a istinadən məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr Tehranda İsveçrə səfirliyindəki ABŞ Maraqlarının Müdafiəsi İdarəsi və Vaşinqtondakı İran Maraqlarının Müdafiəsi İdarəsi vasitəsilə həyata keçirilir.

İsmail Bəqayinin sözlərinə görə, regional ölkələr və müxtəlif təşkilatlar vasitəsilə mesajların çatdırılması beynəlxalq münasibətlərdə adi haldır, lakin bunu xüsusi və ya gizli birbaşa kanal kimi təqdim etmək düzgün deyil.

O, həmçinin qeyd edib ki, ABŞ-nin İranla nüvə proqramı ilə bağlı danışıqları Vaşinqtonun öz mövqeyini Tehrana sırımaq cəhdindən başqa bir şey deyil: "Amerikanın İran işlərinə müdaxiləsinin uzun tarixi var və müzakirələrdən danışmaq diktədən başqa bir şey deyil. ABŞ yanaşmasını dəyişdirməlidir və biz bilirik ki, vərdişləri dəyişdirmək çətindir və ya mümkün deyil".