BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi 13-20 iyul tarixləri arasında İsrail hərbi əməliyyatları nəticəsində 6-sı uşaq olmaqla, azı 57 fələstinlinin öldüyünü açıqlayıb.
Teleqraf xəbər verir ki, departamentin sözçüsü Təmin Əl-Xitan bildirib: "Son günlərdə İsrail ordusu Qəzza zolağına zərbələrini gücləndirib və bu, onlarla fələstinlinin ölümünə və yaralanmasına səbəb olub".
O, mülki əhali arasında baş verən itkilərin müharibə cinayətlərinin və digər ağır cinayətlərin törədilməsi ilə bağlı ciddi narahatlıqlar doğurduğunu vurğulayıb: "Qəzza zolağında atəşkəs elan edildikdən 9 ay sonra da fələstinlilər üçün təhlükəsiz yer yoxdur".
Əl-Xitanın sözlərinə görə, son 7 gündə dörd nəfər İsrailin müəyyən etdiyi “sarı xətt”dən uzaqda öldürülüb.
O həmçinin qeyd edib ki, xətt daim dəyişir və həyat üçün təhlükə yaradır: "İsrail əsgərləri həmin zonaya yaxın olduqları üçün fələstinlilərə müntəzəm olaraq atəş açırlar ki, bu da beynəlxalq insan hüquqları qanunlarının və beynəlxalq humanitar hüququn pozulmasıdır".