Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti Sofiyada qətlə yetirilib

Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti, ölkənin Taekvondo Federasiyasının prezidenti, iş adamı və siyasətçi Slavi Binev Sofiyada güllələnərək öldürülüb.

Sherg.az xəbər verir ki, “Sputnik Ermənistan”ın NOVA telekanalına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Pavlovo rayonunda baş verib. Polisə məlumat verildikdən təxminən bir saat sonra üç şübhəli şəxs avtomobil yollarından birində saxlanılıb. Onların üzərindən silahlar aşkarlanıb.

Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibi Lyubomir Nikolov bildirib ki, hadisə yerində üzük tapılıb, mərhumun baş nahiyəsində isə güllə yaraları aşkarlanıb.

Saxlanılan üç şəxsdən ikisinin türk mənşəli adlar daşıdığı, digərinin isə Bolqarıstan pasportuna sahib olduğu bildirilir. Onların Binevin qonaqları olduğu və Sofiyada iki yaşayış kompleksi inşa etdikləri qeyd olunur.

İstintaqın əsas versiyalarından biri tərəflər arasında həll olunmamış maliyyə mübahisəsidir. Hüquq-mühafizə orqanları cinayətin bütün təfərrüatlarını araşdırır.