Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ ilə münasibətlərin gərginləşməsi fonunda Çaqos adaları ilə bağlı razılaşmanı təxirə salıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, sözügedən razılaşma Böyük Britaniyanın nəzarətində olan Çaqos adaları üzərində suverenliyin Mavrikiyə verilməsini nəzərdə tutur. Hökumət rəsmiləri bildiriblər ki, razılaşma tam ləğv edilməyib, lakin yaxın həftələrdə parlamentin fəaliyyəti dayandırılmadan əvvəl qanunvericiliyi qəbul etmək üçün vaxtları qalmayıb.
Eyni zamanda, may ayının ortalarında təqdim olunacaq Kral Çarlzın çıxışında yeni Çaqos qanun layihəsinin yer almasının gözlənilmədiyi qeyd olunur. Bildirilir ki, razılaşmanın qüvvəyə minməsi üçün zəruri olan hüquqi prosedur – ABŞ ilə rəsmi məktub mübadiləsi hələ də başa çatmayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl razılaşmanı dəstəklədiyini bildirsə də, sonradan Starmeri bu planı dayandırmağa çağırıb və yanvar ayında bunu tam zəiflik aktı kimi qiymətləndirib.