Braziliya Prezidenti Luis İnasiu Lula da Silva mayın 25-də səhər saatlarında profilaktik şüa terapiyasının ilk seansını keçib. Bu prosedur dövlət başçısının baş dərisindəki yenitörəmənin (şişin) çıxarılması məqsədilə aprel ayında keçirdiyi əməliyyatdan sonra təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə prezidentin müalicə aldığı xəstəxananın rəsmi tibbi bülletenində bildirilib.
Klinikadan vurğulanıb ki, dövlət başçısı həkimlərin tam nəzarəti altında olsa da, öz rəsmi vəzifəsini heç bir məhdudiyyət olmadan icra etməyə davam edəcək.
Öz növbəsində, "CNN Brasil" telekanalı etibarlı mənbələrə istinadən xəbər verir ki, Braziliya lideri ümumilikdə 15 radioterapiya seansı keçməlidir. Prosedurların növbəti üç həftə ərzində tamamlanması planlaşdırılır.