Britaniya da Ukraynaya 90 milyard avroluq kreditin verilməsini istəyir

Böyük Britaniya Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq Avropa kreditində iştirakla bağlı danışıqlara başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisi məlumat yayıb. Məlumata görə, ölkənin Baş naziri Kir Starmer mayın 4-də Yerevanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində bu məsələni gündəmə gətirəcək.

Qeyd olunub ki, London Avropa İttifaqı ilə birgə fəaliyyət göstərərək Ukraynanın zəruri hərbi texnika ilə təmin olunmasına dəstək vermək niyyətindədir.

Açıqlamada vurğulanıb ki, Kiyevə əlavə maliyyələşmə Britaniya şirkətləri üçün yeni imkanlar yarada, müdafiə sənayesinə iri müqavilələrə çıxış verə bilər.

Bildirilib ki, bu danışıqlar Londonun Avropa İttifaqı ilə daha sıx əməkdaşlığı istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Eyni zamanda qeyd edilib ki, həftə ərzində Rusiya şirkətlərinə qarşı yeni sanksiyaların elan olunacağı gözlənilir.