Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Böyük Britaniyada “Boelo” fırtınası səbəbindən 1500-dən çox aviareys təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Sunday Telegraph” qəzeti məlumat yayıb.

Bildirilib ki, London, Mançester, Edinburq və Qlazqo hava limanlarında uçuşların orta gecikmə müddəti təxminən iki saat olub.

Şotlandiyada güclü küləyin aşırdığı ağac 60 yaşlı kişinin ölümünə səbəb olub. Bəzi ərazilərdə küləyin sürəti saniyədə 38 metrə çatıb. Fırtına nəticəsində Böyük Britaniyada 82 mindən çox ev elektrik enerjisiz qalıb.

Meteorologiya İdarəsi ölkənin şimalında sarı və narıncı hava xəbərdarlıqlarını qüvvədə saxlayıb. Şiddətli hava şəraiti bir sıra parkların bağlanmasına və mədəni tədbirlərin ləğvinə səbəb olub.