Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü

Reuters: ABŞ və İran arasında Pakistanda birbaşa danışıqlar keçirilib

Reuters agentliyinin məlumatına görə, ABŞ və İran arasında Pakistanın paytaxtı İslamabadda keçirilən üçtərəfli danışıqlar (Pakistanın iştirakı ilə) üzbəüz görüşlər formatında baş tutub.

Sherg.az xəbər verir ki, bu barədə agentliyə Pakistan mənbəsi məlumat verib.

Danışıqlarda ABŞ-ın vitse-prezidenti Cey Di Vens, xüsusi nümayəndə Stiv Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner iştirak edib. Onlar İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Araqçi ilə görüşüblər.

Görüşlərdə Pakistan ordusunun baş qərargah rəisi də iştirak edib.

Bundan əvvəl danışıqların başladığını “Al Jazeera” telekanalı xəbər vermişdi. Müzakirələr hər iki tərəfin Pakistanın Baş naziri Şahbaz Şəriflə keçirdiyi ikitərəfli görüşlərdən sonra start götürüb.

ABŞ nümayəndə heyətinə Vens rəhbərlik edir. Sayı 70 nəfərdən çox olan İran nümayəndə heyətinə isə Məhəmməd Baqir Qalibaf və Abbas Araqçi başçılıq edir.

Nəşr qeyd edir ki, danışıqlar Tehranın əvvəlki “Livanın atəşkəs şərtlərinə daxil edilməsi və ABŞ sanksiyalarının ləğvi olmadan görüşlər baş tutmayacaq” bəyanatlarına baxmayaraq başlayıb. Bu məsələlərin müzakirələrdən əvvəl həll olunub-olunmadığı isə hələlik məlum deyil.