Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər ölüb

Əfqanıstanın bir neçə bölgəsində baş verən daşqınlar insan tələfatına səbəb olub.

Bu barədə “The Associated Press” agentliyi ölkənin Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, şiddətli daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər ölüb, 26 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Bildirilib ki, təbii fəlakət ölkənin 34 əyalətindən 13-nə, əsasən qərb, mərkəzi və şimal-qərb bölgələrinə təsir göstərib.

Rəsmi məlumatlara əsasən, 147 ev tam və ya qismən dağılıb, təxminən 80 kilometr yol sıradan çıxıb. Daşqınlar həmçinin əkin sahələrinə, suvarma kanallarına və müəssisələrə ciddi ziyan vurub.

Meteoroloqlar yaxın günlərdə də güclü yağışların davam edəcəyini və yeni daşqınların mümkün olduğunu bildirir.