"El-Ninyo" Sakit okeanı dəyişir: Kaliforniya sahillərində tropik balıqlar peyda oldu

Güclü "El-Ninyo" iqlim hadisəsi fonunda Sakit okeanda suyun temperaturunun qeyri-adi dərəcədə yüksəlməsi Cənubi Kaliforniya sahillərində bu region üçün nadir sayılan tropik balıq növlərinin peyda olmasına səbəb olub.

Oxu.Az "Los Angeles Times"a istinadən xəbər verir ki, həmin balıqlar arasında güllə tunesi, mahi-mahi və vahu da var. İki nisbətən sakit mövsümdən sonra idman balıqçılığı ilə məşğul olan gəmilər yenidən böyük ovlar barədə məlumat verirlər. Ovlanan balıqlar arasında minlərlə sarıüzgəcli tunes də var.

Bununla belə, balıqların hazırkı fəallığı 2014-2015-ci illərdə okeanın kəskin isinməsi zamanı qeydə alınan göstəricilərdən hələ də geri qalır. Tədqiqatçılar bu fərqi balıq ovunun intensivliyindəki dəyişikliklər və okean şəraitinin xüsusiyyətləri ilə əlaqələndirirlər.

Onların sözlərinə görə, sosial şəbəkələrdə yayılan foto və videolar açıq dənizdə baş verənlərin real mənzərəsini həmişə əks etdirmir. Dəniz ekosistemindəki dəyişikliklərin səbəblərindən biri Kaliforniya sahillərində Sakit okeanın qeyri-adi dərəcədə isti su sahəsinin yaranmasıdır. Alimlər bu prosesin əlamətlərini ilin əvvəlindən müşahidə etməyə başlayıblar.

Sakit okeanın ekvatorial hissəsində səth sularının temperaturunun yüksəlməsi və hava şəraitinin dəyişməsi ilə müşayiət olunan "El-Ninyo" hadisəsi də vəziyyətə təsir göstərir. Bu amillərin birləşməsi, adətən, daha isti sularda yaşayan balıq növlərinin şimala doğru hərəkət etməsi üçün əlverişli şərait yaradıb.

Məsələn, güllə tunesinə daha çox Hind və Atlantik okeanlarında, Havay adaları ətrafında və Sakit okeanın mərkəzi hissəsində rast gəlinir. Son aylarda isə Orinc dairəsindən Malibuya qədər uzanan sahil zolağında dəniz canlılarının qeyri-adi fəallığı müşahidə edilib.

İstirahət edənlər və balıqçılar tropik balıqlarla yanaşı, balinalar, çəkicbaş köpəkbalıqları və nəhəng skatlarla da qarşılaşdıqlarını bildiriblər.

Okean şəraitindəki dəyişikliklər idman balıqçılığı təşkil edən şirkətlərin fəaliyyətinə müsbət təsir göstərib. İri balıq növlərinin geri qayıtması iki az məhsuldar ildən sonra ov həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verib. Xüsusilə marlin ovunda nəzərəçarpacaq nəticələr qeydə alınıb. Təqdim olunan məlumatlara görə, bu mövsüm tutulan marlinlərin sayına görə 1990-cı ildən bəri rekord göstərici qeydə alına bilər.

Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, tropik növlərin Kaliforniya sahillərində qeyri-adi şəkildə görünməsi dəniz ekosistemində uzunmüddətli dəyişikliklərin baş verdiyini sübut etmir. Sonrakı vəziyyət suyun temperaturundan, okean cərəyanlarından və "El-Ninyo" hadisəsinin gedişindən asılı olacaq.