Ərdoğan-Bayden görüşü:“ABŞ-ın Cənubi Qafqazdakı maraqları Türkiyədən asılıdır”



“Çünki Ağ Ev yalnız Türkiyə üzərindən bu regionda öz nüfuzunu bərpa edə bilər”

“Bütün bunları nəzərə aldıqda, bu dəfə prezident Co Baydenin daha praqmatik davrana biləcəyi qətiyyən istisna deyil”

“ABŞ-ın Türkiyəni tamamilə itirərək, öz strateji müttəfiqinin Rusiyanın yaxın tərəfdaşına çevriləməsinin qarşısını almağa cəhd göstərəcəyini ehtimal etmək olar”

“Yəni, Ərdoğan-Bayden görüşündə Cənubi Qafqaz da daxil olmaqla, bəzi məsələlərə münasibətdə Türkiyə və ABŞ-ın mövqeyinin nisbətən bir-birinə yaxınlaşacağı istisna deyil. Bu baxımdan, qarşılıqlı güzəştlər tamamilə inandırıcı görünür”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 zirvəsi çərçivəsində amerikalı həmkarı Co Baydenlə görüşəcək. Danışıqlar zamanı müzakirə olunacaq mövzular məlum olub. Bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın danışıb:

“İkitərəfli siyasi və iqtisadi münasibətlər, enerji, təhlükəsizlik, terrorla mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şərqi Aralıq, həmçinin digər regional və qlobal mövzular müzakirə olunacaq”.

Onun sözlərinə görə, gündəmdə dayanan əsas məsələlərdən biri də ölkələr arasındakı ticarət həcminin artırılması olacaq.

Mövzu barədə fikirlərini “Sherg.az”la bölüşən “Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli vurğulayıb ki, ABŞ və Türkiyə arasında ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, həmin problemlər prezident Co Baydenin hakimiyyətə gəlişindən sonra daha da dərinləşib:

“Hətta prezident Co Bayden hakimiyyətə gəldikdən dərhal sonra Türkiyəyə qarşı sanksiyaların tətbiqinə başlamışdı. Yəni  Türkiyənin Rusiyadan aldığı "S-400" zenit-raket kompleksləri ilə bağlı ziddiyyətlər hələ də davam edir.

Ona görə də, rəsmi Ankara və Ağ Ev arasında anlaşma mühitinin bərpası hələlik mümkünsüz görünür. Prezident Co Baydenin hakimiyyətə gəlişindən sonra ABŞ və Türkiyə arasında iki dəfə yüksək səviyyəli təmaslar olub. Ancaq hər dəfə müzakirələr uğursuz nəticələnib. İki ölkənin prezidentləri əvvəlcə NATO sammiti çərçivəsində görüşmüşdülər. İyun ayında keçirilən bu görüşdən hər iki tərəf əliboş ayrılıb.

Növbəti görüş sentyabr ayında BMT çərçivəsində baş tutub. Bu görüşdə yalnız ziddiyyətlərin daha da dərinləşməsi ilə nəticələnib.  Hətta sonuncu görüşdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın əvvəlki prezidentləri ilə heç bir ciddi problemin yaşanmadığını xatırlatdıqdan sonra indiki Ağ Ev sahibi Co Bayden ilə anlaşmağın çox çətin olduğunu vurğulayıb.

Bütün bunlar ABŞ və Türkiyə arasında müttəfiqlik münasibətlərinin artıq "qırılma nöqtəsi"nə yaxınlaşdığını göstərir. Üstəlik, Ağ Ev sahibi ilə anlaşa bilməyən prezident R.T.Ərdoğanın sentyabrın sonunda dərhal Rusiya lideri Vladimir Putin ilə görüşməsi də qətiyyən təsadüfi deyildi. Rəsmi Ankara bununla Ağ Evə Türkiyənin ABŞ üçün ciddi problemə çevrilə biləcək alternativinin olması ilə bağlı açıq mesaj idi. Üstəlik, "Rusiyadan önəmli gözləntilərimiz var" deyən prezident R.T.Ərdoğan V.Putin ilə görüşdən məmnun ayrılıb. Hətta Türkiyə prezidenti Rusiyadan yenə də "S-400" raketləri almaq niyyətində olduqlarını bəyan edib.

Təbii ki, bütün bunlar ABŞ üçün xoşagəlməz siyasi manevrlər sayıla bilər. Çünki Türkiyənin ABŞ-dan uzaqlaşıb, məhz Rusiya ilə yaxınlaşması Ağ Evin beynəlxalq maraqlarına ciddi zərbəyə çevrilə bilər. Hər halda, bunun dünya düzənini dəyişə biləcək qədər ciddi proses olduğu inkaredilməz reallıqdır”.

Analitikin qənaətincə, yeni Ərdoğan-Bayden görüşünün əhval-ruhiyyəsi tamamilə fərqli ola bilər:

“Hər halda, bu dəfə ABŞ-ın Türkiyə qarşısında diqtə edən dövlət statusuna sadiq qalmaq cəhdi Ağ Evin ən böyük səhvi olardı. Bu baxımdan, Ağ Ev sahibinin öz mövqeyini nisbətən yumşaldaraq, Türkiyə prezidenti ilə anlaşmağa çalışa biləcəyi də qətiyyən istisna deyil.

Böyük ehtimalla bu dəfə hər iki tərəf özü üçün strateji xarakter daşıyan məsələləri ön plana keçirtməyə çalışacaq. Ancaq ABŞ əvvəlki dövrlərdən fərqli olaraq, indi Türkiyənin maraqlarına daha həssas yanaşmaq məcburiyyətində qala bilər. Hər halda, bu dəfə də ziddiyyətlər arxa plana keçirilməsə, onsuz da artıq formal xarakter daşımağa başlayan ABŞ-Türkiyə strateji müttəfiqliyi böyük təhlükə ilə üzləşə bilər. Ona görə də, böyük ehtimalla müzakirə ediləcəyi elan olunan bütün mövzuların mütləq gündəmə gətirələcəyi o qədər də inandırıcı görünmür. Yəqin ki, hər iki ölkə üçün prinsipial əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Müzakirəsi ehtimal olunan bütün məsələlər ilə bağlı Türkiyənin dəstəyi ABŞ üçün böyük əhəmiyyət daşıyır. O cümlədən də ABŞ-ın Cənubi Qafqazdakı maraqları da hazırda Türkiyədən asılı vəziyyətdədir. Çünki Ağ Ev yalnız Türkiyə üzərindən bu regionda öz nüfuzunu bərpa edə bilər.

Bütün bunları nəzərə aldıqda, bu dəfə prezident Co Baydenin daha praqmatik davrana biləcəyi qətiyyən istisna deyil. 
ABŞ-ın Türkiyəni tamamilə itirərək, öz strateji müttəfiqinin Rusiyanın yaxın tərəfdaşına çevriləməsinin qarşısını almağa cəhd göstərəcəyini ehtimal etmək olar. 

Yəni Ərdoğan-Bayden görüşündə Cənubi Qafqaz da daxil olmaqla, bəzi məsələlərə münasibətdə Türkiyə və ABŞ-ın mövqeyinin nisbətən bir-birinə yaxınlaşacağı istisna deyil. Bu baxımdan, qarşılıqlı güzəştlər tamamilə inandırıcı görünür”.