Ermənistan Rusiyanın ölkə məhsullarına tətbiq etdiyi idxal məhdudiyyətlərini həm ikitərəfli formatda, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində müzakirəyə çıxara bilər.
Sherg.az xəbər verir ki, Ermənistan İqtisadiyyat Nazirliyi bildirib ki, məsələ ilə bağlı danışıqlar müxtəlif formatlarda aparılır, lakin hazırda bu barədə ətraflı məlumat açıqlanmır.
Aİİ qaydalarına əsasən, üzv dövlətlər və ya şirkətlər qarşılıqlı ticarətdə yaranan maneələrlə bağlı Avrasiya İqtisadi Komissiyasına (AİK) müraciət edə bilərlər. Araşdırma nəticəsində məhdudiyyət əsassız hesab edilərsə, o, Aİİ-nin ticarət maneələri siyahısına daxil edilə bilər.
Qeyd edək ki, Rusiya may ayından etibarən Ermənistanın çiçək, meyvə, tərəvəz, giləmeyvə, kartof, quru meyvə, balıq və digər bitki mənşəli məhsullarının idxalına mərhələli şəkildə məhdudiyyətlər tətbiq edib. Rusiya bu qərarı sanitariya tələblərinin pozulması ilə əsaslandırır. Halbuki, Ermənistanın kənd təsərrüfatı məhsullarının ixracının 90 faizdən çoxu məhz Rusiyanın payına düşür.