Hakerlər ABŞ kəşfiyyatının rəhbərini “soyundurdu”

Vaşinqton hakerlərin başına sensasion mükafat qoyub.

ABŞ Dövlət Departamenti FTB direktoru Keş Patelin şəxsi elektron poçtunun sındırılması ilə bağlı məlumat verənlər üçün 10 milyon dollara qədər mükafat elan edib.

Musavat.com xəbər verir ki, Reuters-in məlumatına görə, hücumun arxasında İranla əlaqəli “Handala” haker qruplaşmasının dayandığı bildirilir.

Sızdırılan materiallar arasında 300-dən çox elektron məktub və şəxsi fotolar yer alıb. Həmin görüntülərdə Patelin siqar çəkdiyi, avtomobil sürdüyü və gündəlik həyatına aid müxtəlif anlar əks olunub.

ABŞ rəsmiləri açıqlayıb ki, yayılan məlumatlarda dövlət sirri və ya rəsmi hökumət yazışmaları yoxdur. Buna baxmayaraq, Vaşinqton hadisəni ciddi kiberhücum kimi qiymətləndirir və məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdiyini bildirir.