Hasset: ABŞ istehsalı olmayan mallar üçün rüsumlar ləğv edilə bilər

Vaşinqton administrasiyası ABŞ-də istehsalı planlaşdırılmayan xarici mallara tətbiq edilən rüsumları ləğv etməyə hazırdır.

"Report"un məlumatına görə, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset CBS telekanalının efirində bildirib.

"Düzəliş edilə biləcək məqamlar var", - deyə o, ABŞ-nin digər ölkələrdən gətirilən mallara tətbiq etdiyi rüsumlardan danışarkən qeyd edib.

"Məsələn, gördüyünüz kimi, biz qəhvəni rüsumlardan çıxarmaq qərarına gəldik, çünki ABŞ-də qəhvə böyük həcmdə istehsal olunmur. Düşünürəm ki, əgər ABŞ-də ümumiyyətlə istehsal olunmayan başqa məhsullar varsa, iqlim və digər səbəblərə görə onların istehsalı nəzərdə tutulmursa, bu mallara da istisna tətbiq etməyə hazırıq", - Hasset izah edib.

Onun dəqiqləşdirdiyi kimi, ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir hazırda tariflərin ləğvi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi işinə rəhbərlik edir.