Husilər Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanını hədəf göstərib

Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya Səudiyyə Ərəbistanının paytaxtındakı Kral Xalid Beynəlxalq Hava Limanını hərbi hədəf adlandırıb və aviaşirkətləri bu aeroportdan istifadə etməyin təhlükəli olduğu barədə xəbərdar edib.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Yəhya Səriya “Telegram” kanalında aviaşirkətlərə, onların əməkdaşlarına və sərnişinlərə müraciət edərək Ər-Riyaddakı hava limanından istifadə etməməyə çağırıb. O bildirib ki, aeroport husilərin qüvvələri üçün hərbi hədəf olduğuna görə təhlükəsiz deyil.

Hərəkatın hərbi nümayəndəsi hava limanının “heç vaxt təhlükəsiz olmayacağını” vurğulayıb və husilərin ona hücumları davam etdirmək niyyətində olduğunu bildirib.

Səriya hava limanının fəaliyyətini davam etdirməsinə görə məsuliyyəti Səudiyyə Ərəbistanının üzərinə qoyub.