İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH

"Müharibə uzandıqca Kiyev güclənir, "uduzacaq" iddiaları darmadağın oldu"

Ukraynanın təhlükəsizlik strategiyası ilə bağlı yeni təşəbbüs gündəmə gəlib. Prezident Volodimir Zelenski ölkə ərazisində ABŞ və Avropa dövlətlərinə məxsus hərbi bazaların yerləşdirilməsinin təhlükəsizlik zəmanətlərinin mühüm tərkib hissəsi ola biləcəyini bildirib. Onun sözlərinə görə, belə bir addım Ukraynanın müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, potensial hərbi riskləri azaltmağa kömək edəcək.

Zelenski qeyd edib ki, mümkün hərbi bazalar həm çəkindirici faktor rolunu oynaya, həm də Ukraynanın uzunmüddətli təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verə bilər. Bu təşəbbüs Qərb ölkələrinin daha çox hava hücumundan müdafiə sistemləri ilə dəstəyi və Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsinin davam etdirilməsi ilə birlikdə kompleks təhlükəsizlik modelini nəzərdə tutur. Prezidentin sözlərinə görə, Kiyev bu məsələ ilə bağlı öz yanaşmasını tərəfdaşlara təqdim etməyə hazırlaşır və layihənin taleyi onların mövqeyindən asılı olacaq. Analitiklər hesab edirlər ki, belə bir addım reallaşarsa, bu, regionda təhlükəsizlik balansına təsir edə biləcək mühüm geosiyasi dəyişikliklərdən biri ola bilər.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, İran müharibəsi Ukrayna üçün də xeyli nəfəs alma imkanı yaratdı:

 “Hətta Ərəb ölkələri Ukraynanın hərbi ehtiyaclarının qarşılanmasında müəyyən rol oynadılar. Xüsusən də yüngül, eyni zamanda PUA tərkibli sistemlərin geniş miqyasda satışı Ukraynaya əlavə imkanlar verdi. Yəni, bir sözlə, Ukrayna müharibə şəraitində belə iqtisadiyyat qurmaq, həyatın davamlılığını təmin etmək və dövlət institutlarını möhkəmləndirmək yolunda addımlar atdı. Bu baxımdan müharibənin uzanması Ukraynanın məğlub olacağını iddia edənlərin arqumentlərini də zəiflətdi. Bu prosesin başqa bir önəmli tərəfi də var. Məncə, ABŞ və ya Avropanın güclü ölkələrinin Ukraynada hərbi bazalarının açılması həmin dövlətlərin münaqişədə faktiki iştirakını da müəyyən mənada təmin etmiş olar. Amma şübhəsiz ki, belə bir addımın atılması o qədər də asan deyil və yaxın perspektivdə tam real görünmür.Eyni zamanda Avropa ölkələri bu keçid dövründə Ukrayna məsələsindən daha çox yeni təhlükəsizlik baxışı və siyasi davranış imkanları formalaşdırmaq üçün istifadə etdilər”.