İran və ABŞ arasında dolayı texniki danışıqlar Qətərin paytaxtı Doha şəhərində keçirilir.
Sherg.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, görüşlər Qətər və Pakistanın vasitəçiliyi ilə təşkil olunur.
“ABŞ və İran arasında dolayı texniki danışıqlar Dohada davam edir. Qətər və Pakistan vasitəçi qismində çıxış edir”, - deyə mənbə bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, danışıqlarda tərəflərin baş nümayəndələri və müxtəlif sahələr üzrə ekspert qrupları iştirak edirlər.
Xatırladaq ki, İran və ABŞ iyunun 18-nə keçən gecə fevralın 28-də başlanmış hərbi qarşıdurmanın başa çatdırılmasını nəzərdə tutan memorandumu məsafədən imzalayıblar.
Memoranduma əsasən, ABŞ-ın dəniz blokadasını aradan qaldıracağı və İranın Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəyi müddətlər müəyyənləşdirilib.
Sənəddə həmçinin İranın nüvə silahı əldə etməmək öhdəliyi yer alıb. İranın nüvə proqramı ilə bağlı məsələlərin ayrıca razılaşma çərçivəsində həll olunması nəzərdə tutulur.
Tərəflər bu mövzu üzrə 60 gün ərzində danışıqlar aparmalıdırlar. Tehran üçün bu prosesin əsas nəticələrindən biri anti-İran sanksiyalarının ləğv edilməsi hesab olunur.